“Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib parçasıdır” ÖZƏL-ŞƏRH

Oxunma vaxtı:2 Dəqiqə, 40 Saniyə

“Bu gün koronavirus infeksiyası ilə mübarizədə dövlətlərin apardığı mübarizə metodlarına, sərt qaydalara, sosial izolyasiya tədbirlərinə baxmayaraq səkkiz aydır virusun yayılmasını lokallaşdırmaq mümkün olmayıb. Proseslərin gedişi də göstərdi ki, situasiya yeni bir yanaşma və daha ciddi addımlar tələb edir. Hətta daha yüksək inkişafa nail olmuş dünya dövlətlərinin özündə belə bu virusla mübarizədə çaşqınlıq yarandı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Gebreyesus də Cenevrədə keçirilən brifinqdə koronavirusa yoluxma hallarının sayının bu həftə 20 milyona, ölüm hallarının sayının isə 750 minə çatacağını proqnozlaşdırıb. ÜST rəhbəri bir daha vurğuladı ki, pandemiya ilə səmərəli mübarizədə iki element son dərəcə vacibdir – liderlər tərəfindən qətiyyətli tədbirlərin görülməsi və vətəndaşlar tərəfindən onlara dəstək göstərilməsi. Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı qeydə alındıqdan sonra ölkədə infeksiyanın geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşların sağlamlığını qorumaq üçün dövlət tərəfindən lazımi tədbirlər həyata keçirildi”.

Bunu “Yeni Gündəm”-ə millət vəkili Anar Məmmədov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı, Operativ Qərargah və fond yaradıldı: “Ciddi, ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı. Qısa müddətdə yeni laboratoriyalar alındı və 20-dən artıq xəstəxana koronavirus xəstələrinin ixtiyarına verildi. Tibbi maska və gigiyena vasitələri istehsal edən müəssisələr açıldı. Prezident İlham Əliyevin sərəncamına əsasən, bölgələri də əhatə etməklə modul tipli xəstəxanalar quraşdırıldı. Bununla da, ölkədə koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlandı, 35 rayon və şəhərdə 46 xəstəxana bu istiqamətdə fəaliyyətə başladı. Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün lazım olan laboratoriyaların sayı pandemiya başlayandan qısa müddət ərzində 5 dəfə artaraq 6-dan 31-ə çatdırıldı. Yaxın zamanlarda laboratoriyaların sayının 45-ə çatdırılması gündəmdədir. Ötən müddət ərzində ölkədə aparılan testlərin sayı isə 800 minə çatıb.

Eyni zamanda, Azərbaycan pandemiya ilə qlobal mübarizədə ciddi səylər göstərərək bir neçə beynəlxalq videokonfransın təşkilatçılığını öz üzərinə götürdü. Azərbaycanın bu addımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirildi. Dəfələrlə Azərbaycana təşəkkür edildi. Azərbaycan xaricdə yaşayan öz vətəndaşlarına da sahib çıxdı. Xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün xüsusi portal yaradıldı. Bütün bunlar isə bir daha virusla mübarizədə Azərbaycan dövlətinin vətəndaşının sağlamlığının qorunması istiqamətində həm qabaqlayıcı sosial izolyasiya tədbirləri, həm də pandemiyanın zərərlərindən az itki ilə çıxması istiqamətində həyata keçirdiyi çoxşaxəli Tədbirlər Planının dünya üçün nümunəvi model və təcrübəyə çevrilməyinin bariz göstəricisidir.

Bildiyimiz kimi, bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.

Bu gün isə virusla mübarizədə görülən tədbirlərin effektivliyinin itirilməməsi, əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsi məqsədilə yeni seroloji testlərin keçirilməsi, zənnimcə, pandemiya ilə mübarizə strategiyasının vacib bir parçasıdır. Çünki bu testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək. Müqayisə üçün deyə bilərik ki, artıq əhalisi virusa ən çox yoluxan şəhərlərdə – Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrədə 153 min nəfər anticisim testindən keçirilib. Buna görə də düşünürəm ki, seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir. Sonda üzümü hər bir vətəndaşa tutaraq onları sosial məsafəni qorumağa, maska taxmağa çağırıram”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyev Türkiyənin Müdafiə nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hakan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz […]