Belarusda keçirilən prezident seçkilərində səsvermə seçki qanunvericiliyinə uyğun şəkildə gedir. Seçicilərin səsvermə hüququndan sərbəst şəkildə istifadə etmələri üçün lazımi şərait yaradılıb.
Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Belarusda prezident seçkilərini Azərbaycan nümayəndə heyətinin tərkibində izləyən Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib.
A.Nağıyev bildirib ki, müşahidə apardığı məntəqələrdə təşkilatçılıq yüksək səviyyədə olub, xarici və yerli müşahidəçilər üçün lazımi şərait yaradılıb.
Deputatın sözlərinə görə, prezident seçkilərindən sonra Azərbaycan nümayəndə heyətinin yekun rəyi açıqlanacaq.
Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərini Azərbaycan nümayəndə heyətinin tərkibində MDB Parlamentlərarası Assambleyası Azərbaycan Milli Məclisinin daimi nümayəndəsi, Şuranın Baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Arzu Nağıyev, Azər Badamov, Naqif Həmzəyev və Kamran Bayramov müşahidə edirlər.
Xatırladaq ki, səsvermə prosesini 248 beynəlxalq və 50 minə yaxın yerli müşahidəçi izləyir.