Prezident İlham Əliyev: Bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər

Oxunma vaxtı:1 Dəqiqə, 42 Saniyə

Bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

“Əlbəttə ki, gənclərin tərbiyə edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin çox böyük funksiyaları vardır. Gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir. Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlərboyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq, bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə, bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma, buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Biz imkan verə bilmərik ki, Azərbaycanda işsizlik sürətlə artsın

Biz imkan verə bilmərik ki, Azərbaycanda işsizlik sürətlə artsın. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib. Dövlət başçısı bildirib: “Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə daha fəal məşğul olaq. […]