Müəllim peşəsinə maraq artıb, çünki müəllimlər indi daha yaxşı maaş alırlar.
Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.
Dövlət başçısı bildirib:
“Son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb. Dövlət xətti ilə həyata keçirilən xərclər bu sahədə xüsusi rol oynayır. 2015-2018-ci illərdə yeni yanaşma tətbiq olunmuşdur – müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilmişdir. Bu diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılmışdır. Əlbəttə ki, bu, müəllimlər üçün əlavə bir stimul idi. Eyni zamanda, müəllim peşəsini seçənlərin də sayı buna uyğun şəkildə artdı və bu da məni çox sevindirir. Çünki, bir neçə il bundan əvvəl müəllim olmaq istəyənlərin sayı kifayət qədər az idi. Ancaq, son bir neçə ildə müəllim peşəsinə maraq artıb. Çünki müəllimlər indi daha yaxşı maaş alırlar. Onların cəmiyyətdə hörməti yüksək səviyyədədir. İndi onlar gözəl, təmir edilmiş, yenidən tikilmiş məktəblərdə, ali məktəblərdə çalışırlar. Mən hər il tədris ilinin ərəfəsində yeni tikilmiş və təmir edilmiş məktəblərə baş çəkirəm. Hər il bilik günündə də uşaqlarla, müəllimlərlə görüşürəm və qeyd edirəm ki, məktəb, eyni zamanda, müəllimin iş yeridir. Bu gün bu sahədə görülmüş işlər əlbəttə ki, müəllimləri həvəsləndirir. Ona görə, təhsilin səviyyəsinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır”.