Azərbaycan Ordusunun Ermənistanın hücumu nəticəsində şəhid olan əsgəri Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində dəfn edilib.
Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, İsmayıllı rayonu, Balik kənd sakini şəhid Daşdəmirov Xəyyam Məhəmməd oğlu dəfn mərasimində rayon rəhbərliyi və digər dövlət qurumlarının rəsmiləri iştirak edib.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.
Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.