Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq.
Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, – bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, – heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.
Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.