Energetika naziri Pərviz Şahbazov və diplomatik fəaliyyəti başa çatan İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fananie arasında videokonfrans formatında görüş olub. Energetika naziri Hüsnan Bey Fananienin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, o cümlədən enerji əməkdaşlığının inkişafına töhfə verən fəaliyyətini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, görüşdə, həmçinin Azərbaycan və İndoneziyanın enerji sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə dair müzakirələr aparılıb. SOCAR ilə “Pertamina” şirkəti arasında investisiya və neft-qaz yataqlarının inkişafı üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bildirilib ki, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu” imzalanmaya hazırdır. Sənədin İndoneziyanın Energetika və Mineral Ehtiyatlar nazirinin Azərbaycana səfəri zamanı imzalanmasının məqsədəuyğunluğu diqqətə çatdırılıb.
Qeyd edək ki, SOCAR 2007-ci ildən etibarən İndoneziya istiqamətində xam neft təchizatını həyata keçirir. 2007-2019 illər ərzində SOCAR tərəfindən İndoneziya istiqamətində ümumilikdə 25.1 milyon ton xam neft təchiz edilib.