Prokurorluq orqanlarında yeni təyinatlar olub.
Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə gənc və peşəkar kadr korpusunun komplektləşdirilməsi istiqamətində institusional islahatlar davam etdirilir.
Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə İbrahim Ləmbəranski Bakı şəhərinin Sabunçu, Rəşid Mahmudov Suraxanı, Elman Süleymanov Yasamal, Hidayət Nurəlibəyov Nərimanov, Həsən Hənifəyev Nəsimi rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.
Bununla yanaşı, müstəqil Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq xanım prokurorluq əməkdaşları vəzifədə irəli çəkilərək müstəqil rayon prokuroru vəzifələrinə təyinatlar alıb.
Belə ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilərək Qobustan rayon prokuroru, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror – metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək Zəngilan rayon prokuroru vəzifələrinə təyin ediliblər.
Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturuna uyğun olaraq kadr islahatları davam etdiriləcək.