İyunun 17-də Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı qeyd olunur. Həkimlərin peşə bayramı heç vaxt ölkəmizdə bugünkü qədər aktual olmamışdı. Azərbaycan bütün dünya ilə birgə ümumi bəlaya, COVİD-19 pandemiyasına qarşı mübarizə aparır. Bu pandemiya Azərbaycan səhiyyəsinin real potensialını ortaya qoydu. Yüksək ixtisaslı tibbi personalın və müasir infrastrukturun olması sürətlə inkişaf edən ölkənin imkanlarını nümayiş etdirdi. Azərbaycan həkimləri öz müstəsna xidmətləri ilə, həyatlarını riskə ataraq şərəf və ləyaqətlə xidməti borclarını yerinə yetirir, bu epidemioloji problemin öhdəsindən gəlmək üçün mümkün olan hər şeyi edirlər.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan həkimlərinin fədakarlığını daim qeyd edir, son günlərdə istifadəyə verilən yeni tibb müəssisələrinin açılış mərasimlərində onları ayaq üstə alqışlayır.
Şübhəsiz ki, həkimlər də bu diqqət və qayğını öz fədakar xidmətləri ilə doğruldurlar. Onlar vətəndaşların sağlamlığının keşiyində layiqincə dayanır və Tibb İşçilərinin Peşə Bayramı günündə xüsusi diqqətə layiq olduqlarını sübut edirlər.