Müharibədə sıravi əsgər, mülki vətəndaş çox vaxt torpağının hər qarışı, ailəsinin namusu uğrunda elə fədakarlığa imza atır ki, öz əməli ilə xalqının qəhrəmanlıq salnaməsində qızıl səhifə yaza bilir. Əsl qəhrəmanlar savaşın necə qurtaracağını bilmirlər. Qəhrəman üçün bunun əhəmiyyəti yoxdur – o, ölümü gözə alaraq döyüşür.
Yaxud da, döyüşən tərəflərdən biri alçaq, qeyri-sivil üsullara əl atır, insanlıqdan kənar vəhşiliklər törədir, axırda layiq olmadığı qələbəni qazanır. Qalibi isə mühakimə etmirlər. Neyləyəsən ki, böyük məğlubiyyətlərin kölgəsində kiçik qələbələr gözə görünmür. Bu barədə bir az sonra. Hələliksə, yaxın tarixə nəzər salaq.
1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib.
Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.
İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb.
Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb.
Amma əlbəttə ki, Laçının itirdiyi və Laçını itirən ən böyük sərvəti məhz insanlar – laçınlı azərbaycanlılar idi. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 78 min nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.
Laçının işğalından ciddi zərbə alan ailələrdən biri də mənim dayımın ailəsi olmuşdur. 1992-ci ildə düşmənlərimiz bizim rayonun işğalı başlayan zaman mənim dayım (həm də qaynatam) Əsgərov Əhliman Əvəz oğlu iki qızı Həcər və Laləzar (mənim həyat yoldaşım), bir də oğlu Vəkil kəndi tərk etməmişdilər. Bütün Laçın camaatı rayondan çıxsa da belə, dayım kəndi tərk etməməyə qərar vermişdi, demişdi ölsəm də, qalsam da bu kənddən heç yerə getməyəcəm. Bir balaca kənddən dağlara, Kəlbəcərə tərəf çəkilmişdi. Sonra – şəxsən mən özüm də ordaydım, – bizim Laçının kəndlərinə Kəlbəcər ərazisindən hərbşilərimiz daxil oldu, xeyli kəndlərimizi işğaldan azad elədilər. Dayım övladları ilə birgə yenə kənddə yaşaıyrdı. Əfsus, bu vəziyyət uzun sürmədi. Kəlbəcər tərəfdən blokadaya düşəndən sonra hərbçilərimiz geri çəkilməyə məcbur oldular. Dayım Kəlbəcər əraisinə gələndə hələ bilmirdi ki, orada da erməni araqlıları var. Yolda Qalaboyunlu kəndində erməni zabiti ilə qarşılaşırlar. Silahlı düşmən onları girov götürür. Təxminən iki yüz metr yolu qət edəndən sonra dayım fürsət tapıb ayağının üstündə fırlanır, erməninin qollarından yapışıb sıxır, avtomat yerə düşür. Həmin erməni ilə orda əlbəyaxa döyüşəndən sonra tərksilah etdiyi düşməni elə onun öz avtomatı ilə öldürür.
Sonra ordan geri – Laçın tərəfə üz tuturlar, amma görürlər ki, artıq yollar bağlıdı. Orada bizim 7-8 nəfər hərbçimizlə rastlaşırlar. Laçın tərəfdən mühasirədən qaçan bu cavan hərbçilər yolu-izi tanımırmışlar. Dayım onlara bələdçilik edir, Başlıbel ərazisindəki böyük kahalara doğru gedirlər. Burda 30-40 nəfər Kəlbəcər sakini daldalanıbmış. Dayımgil də onlara qatılırlar. Bir neçə həftə kahalarda qalandan sonra erməni yaraqlıları onların yerini müəyyənləşdirirlər. Aralarda qeyri-bərabər döyüş olur. Bizimkilərdən xeyli insan girov düşür, yaralanır, öldürülür.
Ertəsi gün səhəri dayım çıxıb kəşfiyyat aparanda onu da pulemyotla vururlar. Dayımın uşaqları və sağ qalan digərləri daha 4 ay dağlarda keçirməli olurlar. Nəhayət, Daşkəsən yolu ilə gəlirlər Tərtər rayonuna. Dayım uşaqları qohum evində bir neçə gün qalandan sonra Ağcabədiyə – əmilərigilə gəlib yetişirlər.
İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır.