HƏR KƏS ÖZ “ƏMƏL DƏFTƏRİ”NƏ SAVAB İŞLƏR YAZMALIDIR Kİ…

Oxunma vaxtı:2 Dəqiqə, 0 Saniyə

Bizim Dambulaq kəndinin yaranma səbəbi maraqlı olub. Qışlaqdakı Böyük Seyidlər kəndində 4 seyid qardaş yaşayırmış. İllərin birində adətləri və maldarlıq həyat tərzləri üzrə yaylağa gələndən sonra qardaşlardan 1-i – mənim ulu babam Seyid Alı Xəlifə qalmağa qərar verir. Digərləri israrlarının nəticə vermədiyini görüb onsuz qayıdırlar.

Dövrünün imkanlı adamlarından olan Seyid Alı yaylaqda özünə ev-eşik tikir, dam-daş salır. Bu yerlərdə əsas problem su qıtlığı imiş. Ailə-uşağının su sarıdan korluq çəkdiyini görən Seyid Alı cəddini çağırıb əlindəki çəliklə damın içindəki daşa vurur. Və… möcüzə baş verir –  daşdan su çıxır. Hadisə oralarda məskunlaşan başqa sakinlərə heyrətamiz təsir bağışlayır.   O vaxtdan kəndin adı qalır Dambulaq.

Mənim yaşım çatan dövrlərədək, yəni, köçkünlük düşənə qədər bulaq elə də qalırdı. Bir möcüzə də bu imiş ki, natəmiz, pak olmayan, sərxoş adam istifadə etmək istəyəndə bulaq quruyurmuş. Yalnız seyidlər dua oxuyandan sonra bulağa yenidən su gəlirmiş.

Rəhmətliklər – Seyid Alı Xəlifənin oğlu Hacı Həsən, onun da oğlu Məşədi Şəvəndə ağır seyidlər olublar. Hər ikisinin müasirləri onların cəddinin möcüzələrindən, kəramətindən danışırmışlar. Deyirlər, bir dəfə Hacı Həsən nəyəsə görə hirslənib qarğış eləyib. Qarğışın gücündən öz evinə od düşüb, ancaq qəribədir ki, dam-daş yansa da, beşikdəki uşaq (Məşədi Şəvəndə) sağ-salamat qalıb.

Məşədi Şəvəndənin oğlu Məşədi Abbasın mal – heyvan sürüsü, atı – ilxısı olurmuş, hamısı da qada-bəladan uzaq, itkisiz bəslənirmiş. Məşədi Abbasın ocağı nə qədər xeyir-bərəkətli imişsə, maral gəlib qapısında sağılıb gedirmiş.

Məşədi Abbasın oğlu Seyid Balaca da, onun oğlu Seyid Asif (mənim atam) də mənsub olduqları nəcabətli seyid nəslinin gözəl ənənələrini yaşatmış, xalqın xeyirinə-şərinə artıq dərəcədə yarayan, onlara pənah aparan, köməklərinə ehtiyacı olan kəslərə əl tutan xeyirxah insanlar olublar. Savab əməlləri indiyədək xatırlanır. Kiməsə maddi köməklik etmək imkanları xaricində olanda da cəddlərini çağırıb dua edirmişlər. Və mütləq həmin adam sıxıntıdan qurtarırmış. Digər tərəfdən atamın və babamın xətirlərinə dəyən adam mütləq mənada etdiyi nəzakətsizliyin, ədalətsizliyin altını çəkir, Allahın cəzasına yetişirmiş.

Mən də həmişə çalışmışam ki, öz ulu babalarımın yolunu saxlayım, cəmiyyətdə məhz onların adlarına, nüfuzlarına uyğun davranış sərgiləyim. Tanıyanlar, müşahidə edənlər təsdiqləyirlər ki, buna heç ciddi-cəhd eləməsəm də, tam səmimi, qeyri-ixtiyari nail ola bilirəm. Nədənsə, kimdənsə incikliyimi büruzə verməsəm də, tez bağışlayan olsam da, qəlbimə toxunanlar çox keçmədən peşman olurlar.

Hesab edirəm ki, hər bir kəs öz nəslini, necə deyərlər, “yeddi arxa dönəmini” tanımalıdır. Geriyə də baxanda nə görsə belə, yenə də öz hərəkətlərini, davranışlarını daim cilalamalı, “əməl dəftəri”nə savab işlər yazmalıdır ki, gələcək davamçılarına gözəl nümunə olsun.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

ÖLMƏZDƏN ÖZ QANINI ALMIŞ ŞƏHİD DAYIM HAQQINDA

Müharibədə sıravi əsgər, mülki vətəndaş çox vaxt torpağının hər qarışı, ailəsinin namusu uğrunda elə fədakarlığa imza atır ki, öz əməli ilə xalqının qəhrəmanlıq salnaməsində qızıl səhifə yaza bilir. Əsl qəhrəmanlar savaşın necə qurtaracağını bilmirlər. Qəhrəman üçün bunun əhəmiyyəti yoxdur – o, ölümü gözə alaraq döyüşür. Yaxud da, döyüşən tərəflərdən biri […]