İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Doğrusöztv.Az Unikal.org-a istinadən bildirir ki, təbrik mətnində deyilir:
“Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikasının xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Qoy Uca Allah xalqınıza hər zaman tərəqqi və firavanlıq bəxş etsin.
Ümid edirəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər xalqlarımızın rifahı naminə inkişaf etməkdə davam edəcək.
Sizin Qoşulmama Hərəkatında sədrliyinizi, xüsusilə də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, videokonfrans vasitəsilə keçirilmiş sammitin təşkil edilməsi təşəbbüsünüzü yüksək dəyərləndirdiyimi bildirmək istəyirəm. İnanıram ki, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələr arasındakı əməkdaşlıq bu çətin zamanlarda daha da güclənəcəkdir.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı, Sizə möhkəm cansağlığı və rifah arzularımı qəbul edin”.