Ölkə Prezidenti İlham Əliyev cənabları Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə, ölkəmizin bütün vətəndaşlarına olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində çalışanlara da daim diqqət və qayğı göstərir. Məhz həmin qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan polisi regionun ən peşəkar, intellektual səviyyəli hüquq-mühafizə orqanlarındandır. Maddi-texnki bazanın möhkəmləndirilməsi və müasirləşdirilməsi baxımından isə Azərbaycan Daxili İşlər Nazirliyi bütün MDB-də və dünyada ən öndə gedən analoji nazirliklərdəndir.
Ölkənin ərazi bütövlüyünün qorunması, dövlət çevrilişinə cəhdlərin qarşısının alınması, ayrı-ayrı qeyri-qanuni silahlı dəstələrin ləğv edilməsi, narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizə və digər dövlət və ümumxalq əhəmiyyətli məsələlərdə Azərbaycan polisi daim öndə olmuş, öz vəzifəsini peşəkarcasına yerinə yetirmişdir.
Respublikamızın polis orqanlarının qabaqcıl dəstəsindən biri olan Tərtər rayon polisi rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir. Tərtər rayon polis şöbəsinin kollektivi rayonda keçirilən bütün ictimai tədbirlərdə fəal iştirak edir, vətəninə, torpağına hədsiz sədaqət nümunəsi göstərirlər. Bu gün vətəndaşlarımız, o cümlədən, tərtərlilər dinc, təhlükəsiz, sabit ölkədə yaşadıqlarına, özlərinin və yaxınlarının həyatı üçün hansısa narahatlıq duymadıqlarına görə ulu öndərin əsasını qoyduğu milli inkişaf siyasətinə minnətdardırlar, bu nailiyyətlərin daha geniş miqyasda davamlılığının təminatçısı olan Prezident İlham Əliyevin müdrik fəaliyyətini birmənalı dəstəkləyirlər. Eyni zamanda, bu siyasətin əsas icraçılarından olan daxili işlər orqanları əməkdaşlarının fəaliyyətini də rəğbətlə qarşılayır, təşəkkürlərini bildirirlər. Bu rəğbəti qazanan, təşəkkürnamələrə ünvan olan şərəfli polis zabitlərindən biri də Tərtər Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Elçin Qasımovdur.
Şərəfli zabit ömrü yaşayan Elçin Qasımov asayişimizin keşiyində durduğu illərdə heç vaxt çətinliklərdən qorxmamışdır. Əlbəttə, insanın mühiti, irsiyyət faktoru, aldığı tərbiyə kredosu nə qədər önəmli olsa da, özünün şəxsi istəyi, əməyi olmadan heç bir kəs uca zirvələrə nail ola bilməz. O, şərəflə və vicdanla xidmət etdiyi illərdə dəfələrlə Daxili İşlər Nazirliyinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Qazandığı nailiyyətlər onu xidməti vəzifələrin icrasına daha məsul yanaşmağa və daha yaxşı işləməyə sövq etmişdir. Elçin Qasımovun vaxtilə təhsil almış olduğu Umudlu kənd tam orta məktəbin direktoru Zabil Zeynalov, ilk müəllimi olmuş Zümrüd Mustafayeva onun barəsində yüksək fikirdə olduqlarını əllərinə düşən hər fürsətdə vurğulayır, KİV-ə verdikləri müsahibələrində onun vaxtaşırı doğma məktəbi ziarət etdiyini dilə gətirirlər.
Polisin üzərinə bu gün daha böyük görəv qoyulub. Cinayətkarlıqla qətiyyətli mübarizə və asayişi qorumaqla bərabər, insanların sağlamlığı üçün dövlətin verdiyi qərarların icrasında humanizmini, gücünü də səfərbər edib polis. “Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal”. – Cənab Prezidentin bu fikiləri polisin necə bir rejimdə işləməsinin bariz nümunəsidir.
Ölkəmizdə bütün şəhər və rayonlarında olduğu kimi, Tərtərdə də vətəndaşların sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq və onların sağlamlıqlarının qorunması ilə bağlı digər zəruri məsələlər haqqında tövsiyyələr verilir. Bankların, poçt filiallarının qarşısında, əhalinin sıx olduğu digər ərazilərdə sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı respublikada sosial izolyasiya tədbirlərinin həyata keçirildiyi dönəmdə tədbirlərə dəstək məqsədi ilə dəfələrlə maraqlı aksiyalar təşkil edilib. Tərtər RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək verilib. Həmçinin gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyə ediblər. Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər.
Polis əməkdaşları tərəfindən şəhid, əlil və aztəminatlı ailələrin övladları ilə görüşlər keçirmək ənənəyə çevrilib. Belə tədbirlərdə şagirdlərə məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunur. Valideynlər göstərilən qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildirirlər. Tərtər polisi orta məktəblərdə narkotiklərlə mübarizə mövzusuna həsr olunmuş tədbirlərin təşkilində stereotip yığıncaq formasından uzaqlaşaraq, şagirdlərin həm qəlbinə, həm şüuruna daha tez yol tapan məzmun seçirlər. Bəli, söhbət dünyanı bürüyən “ağ ölüm”dən gedəndə Tərtər rayon Polis Şöbəsinin rəisi polis polkovniki Elçin Qasımov qeyd edir ki, hər kəs çalışmalıdır uşaqlar çirkin niyyətli insanların toruna düşməsinlər. Çünki bu yola ilk addım atdıqdan sonra geri qayıtmaq çox çətin, əksər hallarda mümkünsüz olur.
Vətəndaşlarımız əmin ola bilərlər ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti, Elçin Qasımov kimi ləyaqətli polis zabitləri üzərlərinə düşən vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcək, asayişin, təhlükəsizliyin, əhalinin və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.
Doğrusöztv.Az Milli İnformasiya Agentliyinin rəhbəri
Seyid İsmayıl Abbasov
İlham Məmmədov, Tərtər rayonu