Azərbaycanda tikilən günəş elektrik stansiyası Avropa və keçmiş SSRİ ölkələri arasında dördüncü ən iri stansiya olacaq.
Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə rusiyalı ekspert, iqtisad elmləri namizədi İqbal Quliyev deyib.
Onun sözlərinə görə, bu gün bərpa olunan enerjinin inkişafı ölkənin dayanıqlı inkişafının zəruri şərtidir:
“Azərbaycan dünyada 25 aparıcı neft-qaz istehsalçısından biri olmaqla müstəqillik dövründə enerji sahəsində ciddi uğurlara nail olub. Amma Azərbaycanın iqtisadi modeli digər neft hasil edən ölkələrdən köklü şəkildə fərqlənir. Ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafına, əlverişli investisiya mühitinin yaradılmasına, sənayenin modernləşdirilməsinə, regionların inkişafına yönəlmiş səyləri dayanıqlı iqtisadi artımın təmin olunmasına və balanslaşdırılmış iqtisadi sistemin yaranmasına xidmət edir. Qeyd etmək lazımdır ki, alternativ enerji bu konsepsiyaya tam uyğundur. Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı üçün kifayət qədər külək və günəş potensialına malikdir. Mənim müşahidələrimə əsasən, Azərbaycanın Energetika Nazirliyi bu istiqamətə böyük diqqət ayırır və alternativ enerjinin inkişafı üçün ardıcıl addımlar atır.
Bu məqsədlə Çin, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Avropa İttifaqı daxil olmaqla bir çox ölkələrdən şirkət və investorlarla danışıqlar aparılır. “Total” və BP kimi nəhənglər bu sahədə Azərbaycanla əməkdaşlığa hazır olduğunu bəyan edib. Norveçin “DNV GL” şirkəti Azərbaycanda alternativ enerji sektorunda dəstək sistemi və hüquqi bazanın yaradılmasına kömək edəcək. 2020-ci ilin əvvəlindən ümumi məbləği 400 milyon dollar təşkil edən layihələrin icrası üçün iki böyük müqavilə imzalanıb. Müqavilələrdən biri Səudiyyə Ərəbistanının “ACWA” şirkəti ilə Xızı və Abşeron rayonları ərazisində 240 meqavatt istehsal gücündə külək elektrik enerjisinin yaradılması ilə bağlı imzalanıb. Digər müqavilə isə Əbu-Dabidə fəaliyyət göstərən “Masdar” şirkəti ilə Ələt qəsəbəsi yaxınlığında 200 meqavatt istehsal gücündə günəş elektrik enerjisinin tikintisi ilə bağlı imzalanıb. Bu günəş elektrik stansiyası Avropa və keçmiş SSRİ ölkələri arasında dördüncü ən iri stansiya olacaq. Ümumilikdə bu iki layihə 1,4 milyard kilovatt/saat enerji generasiya edəcək ki, bu da Azərbaycanın bugünkü enerji tələbatının təxminən 5 faizinə bərabərdir”.
İ.Quliyev qeyd edib ki, ekspertlərin qiymətləndirməsinə əsasən, Azərbaycanda bərpa olunan enerji mənbələri potensialı 25,3 min meqavattdan çoxdur və bu, ildə 62,8 milyard kilovatt/saat elektrik enerjisi istehsal etməyə imkan yaradacaq:
“Günəş enerjisinin potensialı 5 min meqavatt həcmində dəyərləndirilir. Külək enerjisinin potensialı, xüsusilə də sahilyanı rayonlarda kifayət qədər – 4 500 meqavatt təşkil edir. Biokütlədən istifadə potensialı 1 500 meqavatt geotermal enerji 800 meqavatt həcmində dəyərləndirilir”.
Ekspert, həmçinin vurğulayıb ki, hazırda Azərbaycan rəhbərliyi külək enerjisi potensialının hərtərəfli istifadəsinə xüsusi diqqət ayırır:
“2017-ci ildə Azərbaycan Prezidenti tərəfindən imzalanmış “Alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində əlavə tədbirlər barədə” sərəncamı ilk növbədə ölkədə külək enerjisindən səmərəli istifadənin artırılmasına və külək enerjisi şəbəkəsinin respublikanın enerji sisteminə inteqrasiyasına yönəlib. Xızı rayonunun Yeni Yaşma qəsəbəsindəki Külək enerjisi parkını bu sahədə uğurlu nümunə kimi göstərmək olar”.
İ.Quliyev əlavə edib ki, “Azguntex” şirkətinin günəş panelləri istehsalı zavodunun modernləşdirilməsi, köhnə üçşinli fotoelektrik elementlərinin beşşinli elementlərlə əvəz edilməsi müasir panellərin istehsalını təşkil etməyə imkan yaratdı:
“Nəticədə panellərin enerji gücü 250 vattdan 330 vatta qədər artıb. Bu cür panellər dünya bazarında kifayət qədər rəqabətqabiliyyətlidir və Azərbaycanın ixracının mühüm hissəsini təşkil edə bilər”.