Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirlər hazırkı qlobal vəziyyətə toxunaraq, ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar və bu xüsusda, qarşılıqlı dəstək və həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, o cümlədən ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan konkret məsələlərin həyata keçirilməsini müzakirə ediblər. Pandemiyadan sonra qarşılıqlı turizm xidmətlərinin canlandırılması məsələsi qeyd olunub.
Həmçinin telefon danışığı zamanı Azərbaycan və BƏƏ arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs olunub və bu istiqamətdə birgə səylərin artırılmasına dair razılıq ifadə edilib.