Çağdaş Azərbaycan cəmiyyətində gənclərin elmi biliklərin əsaslarına, savada yiyələnmələri, ali məktəblərə hazırlanması işinə repetitorluq institutunun əhəmiyyətli töhfələr verməsi artıq danılmaz gerçəklik kimi etiraf olunur. Fəaliyyəti təqdir olunan repetitor kollektivlərindən biri də Xaçmaz Hazırlıq Kursları Mərkəzidir.
Yerli ictimaiyyət nümayəndələri, təlim alan gənclərin valideynləri arasında sorğular aparmışam. Burada verilən təlimin keyfiyyəti, çalışan müəllimlərin savadı barədə yüksək fikirlər söyləyiblər. Şagirdlərlə də görüşlərim olub. Bildiriblər ki, Xaçmaz Hazırlıq Kurslarının rəhbəri, təcrübəli pedaqoq, səriştəli təşkilatçı Orxan Məmmədli başda olmaqla, onlara hazırlıq kursu keçən bütün müəllimlərə minnətdardırlar və gələcəkdə ali təhsil müəssisələrində təhsil alacaqları müddətdə də, seçdikləri ixtisasa yiyələnib xalq təsərrüfatının müxtəlif sahələrində çalışıb Vətənə, ölkənin tərəqqisinə xidmət edəcəkləri zamanda da sevimli müəllimlərinin üzünü ağ etmək, onlara çəkilən zəhməıtin hədər getmədiyini təkrar-təkrar isbatlamaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
Mehriban, səmimi, ən əsası isə bilikli kadrlardan formalaşmış Xaçmaz Hazırlıq Kurslarının kollektivi universiteti yeni bitirmiş gənc müəllimlər üçün də cəlbedici təsir bağışlayır. Burada görürlər ki, idarəetmədə şəffaflıq təmin olunur, qanunvericiliyin bütün şərtlərinə ciddiliklə əməl edilir, təlim üçün qənaətbəxş səviyyədə maddi-texniki baza qurulub, hazırlıq kurslarına gələn aztəminatlı ailələrin övladlarına güzəştlər, şəhid ailələrinin, Qarabağ müharibəsi qazilərinin övladlarına isə ümumiyyətlə, pulsuz xidmət nəzərdə tutulub. Xaçmaz Hazırlıq Kurslarının pedaqoji kollektivi və şagirdləri mütəmadi olaraq, Xaçmaz rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi, “Güven” nəşriyyatı, “Libra” kitab evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Xaçmaz skautları və Rayon Rəsm Qalareyası ilə tərəf müqabili kimi çıxış edərək müxtəlif tədbirlərdə – şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasına kömək edən yarışlarda iştirak edir, təqdirəlayiq nəticələr göstərirlər.
Bir qayda olaraq, Xaçmaz Hazırlıq Kurslarının müdavimləri yüksək nəticələr göstərərək, ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunurlar. Keçənilki ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlardan Elvina Əmirbəyova (II qrup) 524 bal, Azadə Əliyeva (III qrup) 536 bal, Vüsalə Feyzullayeva (IV qrup) 559 bal, Gülnar Nurəhmədova (III qrup) 597 bal, Gülşən Hüseynova (III qrup) 619 bal, Mələkxanim Qurbanova (I qrup) 530 bal, Səma Mustafayeva (IV qrup) 534 bal, Sənəm Osmanova (IV qrup) 603 bal, Şəbnəm Məmmədova (IV qrup) 603 bal, Zümrüd Paşazadə (I qrup) 656 bal toplamışlar.
Xaçmaz Hazırlıq Kurslarında məzunlara imtahana gedərkən həyəcanlanmamaları üçün tövsiyələr verilir, imtahan zamanı nələri etmək, nələri etməmək lazım olduğu barədə məsləhət görülür.
Kurslarda hazırlaşaraq, kurs müəllimlərinin tövsiyə və məsləhətlərinə əməl edərək uğur qazanan gənclərin valideynlərindən biri də Azər Aslanovdur. Bizimlə söhbətində bildirdi ki, “Doğru Söz” qəzetinin və intenet saytının tribunasından istifadə edərək, 2 övladının bu gün Türkiyədə Biləcik Dövlət Universitetində mühəndislik fakültəsini qazanmağında böyük əməyi olan Xaçmaz Hazırlıq kurslarının bütün müəllimlərinə təşəkkür edir, onlara uğurlar arzulayır. Xaçmaz sakinlərindən Gövhər Rüstəmli və başqaları da Orxan Məmmədli və onunla çiyin-çiyinə çalışan həmkarları barədə ağızdolusu danışdılar, minnətdarlıq və alqışlarını bildirdilər.
Məlum olduğu kimi, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aprelin 27-dən, bir qismi də mayın 4-dən aradan qaldırılıb. Fəaliyyətinə icazə verilən sahələrdən biri də fərdi tədris və repetitor xidmətləridir. Lakin qrup halında məşğələlər hələ ki, məqsədəuyğun deyildir. Bu nöqteyi-nəzərdən, Xaçmaz Hazırlıq Kurslarında martın 17-dən ilk online dərslərə start verilmişdir. Hal-hazırda da onlayn sınaq və seminarlar davam edir. Aprelin 30-da kursun qız dinləyicilərinə mentor-pedaqoq Dilarə Mustafayeva onlayn motivasiya seminarı keçmişdir. 2 may tarixdə kursun şagirdlərinə onlayn-sınaq keçirilmişdir. Mayın 3-də kursun 11-ci sinif şagirdləri olan oğlan dinləyicilərinə mentor-pedaqoq İsmayıl Abdullazadə məsafədən – onlayn psixoloji seminar keçmişdir.
Ümumiyyətlə, Xaçmaz Hazırlıq Kurslarında əvvəllər müşahidə etdiklərim belə qənaətə gəlməyimə əsas verib ki, burada hətta təlimin nəzərdə tutulmadığı əlamətdar qeyri-iş günlərində belə öyrədənlərin əsas qayğısı bilik vermək, öyrənənlərin qayğısı isə bilik mənimsəməkdir. Müəllimlər bir-biri ilə müasir təhsildə, məktəbdə müşahidə etdikləri tendensiyaları, problemləri müzakirə edir, hansı təlim üsulunun daha effektiv olduğu barədə fikir mübadiləsi aparırdılar. Gənclərsə hansısa dərs məsələlərinin, kurs tapşırıqlarının həlli mövzusunda söhbətləşirlər. Yəni, hər detal ondan xəbər verir ki, burada kifayət qədər ciddi, qarşılarına qoyduqları məqsədə nail olmağa israrlı şəxslər bir araya gəliblər.
Bu ərəfələr 2020/2021 tədris ili üçün Xaçmaz Hazırlıq Mərkəzinə qəbul imtahanına qeydiyyat davam edir. Yüksək nəticə göstərərək mükafatlar əldə etmək və Hazırlıq Mərkəzimizdə növbəti tədris ili üçün güzəştli şərtlərlə təhsil almaq istəyirsinizsə, son günü dəyərləndirin, qeydiyyata tələsin!
Tünzalə Abdullayeva