Azərbaycan xalqının ümumbəşəri bəlalardan xilaskarı Prezident İlham Əliyevə minnətdarlıq hissi ilə…

Oxunma vaxtı:5 Dəqiqə, 12 Saniyə

Bütün dünya artıq bir neçə aydan çoxdur ki, koronavirus imtahanı verir. Topsuz-tüfəngsiz atəş açan bu müharibədə Yer kürəsinin bütün qitələri “gözəgörünməz düşmən”lə vuruşmağa məhkumdur.

Bu müharibənin strategiyası da, taktikası da dünyada baş vermiş müharibələrin hamısından fərqlidir. Əgər indiyə qədərki müharibələrdə hücum taktikası əsas hesab olunurdusa, biomüharibədə müdafiə olunma, təcrid edilmə qələbəyə aparan əsas yolu müəyyən edir. Başqa xalqların ərazilərini, sərvətlərini ələ keçirməyi əsas hədəf kimi seçən digər müharibələrdən fərqli olaraq, biomüharibənin əsas strategiyasını insanı məhv etmək təşkil edir. Koronavirus insanı hədəfə aldığı üçün bütün insanlıq bu bəşəri bəla ilə mübarizədə birləşmişdir.

Koronavirus – sosial, ictimai-siyasi, irqi, dini fərqləri nəzərə almadan insanlığa qarşı ünvanlanmış total müharibədir. Ona görə də koronavirusa qarşı mübarizədə bütün insanlıq vahid amal ətrafında birləşmişdir. Məhz buna görədir ki, koronavirus – Ümumdünya Səhiyyə Təşkilatını biomüharibənin baş qərargahına çevirmişdir. Bu “müharibədə” ölkələrin qələbəyə nail ola bilməsi dövlət rəhbərlərinin təkcə silahlı qüvvələrə deyil, bütün xalqa vaxtında əmrlər verməyi bacaran Ali Baş Komandan missiyasını icra etməklə bərabər, həm də müəyyən edilmiş proqramın mütləq həyata keçirilməsini təmin etməsindən çox asılıdır.

Bu gün bütün xalqımız adından böyük qürur hissi ilə bəyan etmək olar ki, gənc dövlət olmasına rəğmən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini həyata keçirmiş qalib Baş Komandandır. Əvvəla, Azərbaycan Respublikasının Prezidenti dünya ölkələrinin demək olar ki, mütləq əksəriyyətindən qabaq biomüharibə küləyinin əsməkdə olduğunu, bu müharibənin mahiyyətini və miqyasını dərhal müəyyən etmişdir. Buna görə də Azərbaycan Respublikası biomüharibənin qarşısını almaq üçün düşünülmüş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baxımından dünya ölkələrini qabaqlamışdır.

Prezident İlham Əliyevin qəti tapşırıqları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, tərəddüd etmədən ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavirus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilmişdir. Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koronavirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açmışdır.

Dövlət mexanizmi çevik və operativ, fasiləsiz və ahəngdar işləmək baxımından Azərbaycan Respublikasının Prezidenti qarşısında məsuliyyətlə imtahan vermişdir. Cənab Prezidentin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah biomüharibə şəraitində sözün həqiqi mənasında operativ şəkildə çalışaraq, zəruri qərarları və tələbləri müəyyən etmiş, vaxtında Azərbaycan xalqına çatdırmışdır. Operativ Qərargah vasitəsilə hazırlanıb xalqa ünvanlanmış icazə sistemləri və qadağa qaydaları pandemiya şəraitində insanların həyat fəaliyyətinin idarə olunması və tənzimlənməsində mühüm rol oynamışdır.

Fikrimcə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu quruma həvalə olunmuş məsuliyyətli vəzifələri yüksək peşəkarlıq səviyyəsində yerinə yetirmək baxımından Azərbaycan Respublikası Prezidentinin etimadını doğrultmuşdur. Azərbaycan polisi həm üzərinə düşən əhalinin və nəqliyyatın nəzarət-buraxılış işlərini bacarıqla təşkil etməklə və həm də işin məsuliyyət dərəcəsinin xalqa çatdırılması üçün nümunəvi maarifçilik təlimi aparmaqla proseslərin tənzimlənməsinə qüvvə və bacarığını əsirgəməmişdir. Ölkəmizin iqtisadiyyat, sosial müdafiə, rabitə, nəqliyyat nazirlikləri və idarələri öz səlahiyyətlərini Prezidentin tapşırıqlarına uyğun olaraq, işlərini respublika üzrə hər yerdə yeni şəraitlə əlaqəli şəkildə qurmaqla həm koronavirusla mübarizəyə öz köməklərini göstərir, həm də ən çətin şəraitdə ölkədə həyat ritmlərinin davam etdirilməsinə töhfələrini verirlər. Təhsil Nazirliyi ilk dəfə olaraq bütün ölkəni əhatə edən distant təhsil şəbəkəsi yaratmağa nail olaraq fasiləsiz təhsili təmin etmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi “Biz birlikdə güclüyük!” çağırışı real həyatda, ən çətin proseslərdə taleyüklü məsələlərin həllində özünün real gücünü və əhəmiyyətini isbat etmişdir.

Bütün bunlarla bərabər, XXI əsrin xərçəngi olan koronavirus biomüharibəsində ən böyük imtahanı ölkəmizin səhiyyə sistemi verməkdə davam edir. Azərbaycan Respublikasının Prezidentinin son onillik ərzində səhiyyə sahəsində həyata keçirdiyi ardıcıl islahatlar, paytaxtda və regionlarda istifadəyə verilmiş müasir tipli xəstəxana kompleksləri, xəstəxanaların ən müasir tibbi avadanlıq və cihazlarla təmin olunması, həkimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində atılmış addımlar respublikamızda rəqabətədavamlı səhiyyə səviyyəsinin formalaşdırılması ilə nəticələnmişdir.

Hesab edirəm ki, Azərbaycanda pandemiya dövrünün çağırışlarının işığında qısa müddətdə tibbi maska fabrikinin yaradılması və istehsala başlaması, məhsullarını xalqa çatdırması da koronavirusla mübarizə dövrünün yaddaqalan hadisəsidir. Dünyanın birdən-birə maska qıtlığı çəkdiyi şəraitdə maska istehsalının təşkili respublikamızda çevik iqtisadi mühitin formalaşdırıldığının əyani göstəricisidir. Ən əsası isə bu, koronavirusla mübarizədə Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığına göstərdiyi həssas münasibətin və real qayğının əməli ifadəsidir.

Son günlərin hadisələri və qərarları aydın surətdə göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi postpandemiya dövrünə hazırlamaq istiqamətində də vaxtında və məqsədyönlü iş aparmaqdadır. Bu cəhətdən birinci mərhələdə ölkədə iş yerlərinin saxlanılması və işçilərin ixtisar edilməsinə dair sərt tədbirlərin həyata keçirilməsi həmin sahədə görülmüş düşünülmüş məqsədyönlü tədbirlərdən biri kimi qiymətləndirilə bilər. İkincisi, Azərbaycan dövlətinin aprel-may ayları müddətində 600 min nəfərdən çox aztəminatlı insanlara, iş yerlərini itirməli olmuş çalışanlara verdiyi maddi maliyyə dəstəyi və müəssisələrdə tətbiq olunan vergi güzəştləri bugünün real ehtiyaclarını ödəməklə bərabər, həm də sabahın istehsalat proseslərinin icraçılarını, peşəkar mütəxəssislər təbəqəsini qoruyub saxlamaq deməkdir. Heç şübhəsiz, postpandemiya dövrünün reallıqları və çağırışları qarşıdakı illərin yeni tipli iqtisadi münasibətlərini də diktə edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin karantin rejiminin mərhələli şəkildə yumşaldılması haqqındakı qərarı əhalinin qarşıdakı yeni iqtisadi və mənəvi mühitə adaptasiya olunması baxımından əhəmiyyətli olduğu qədər ən müasir çağırışlara istiqamətləndirilməsi cəhətdən də faydalıdır.

Nəticə olaraq bildirmək istəyirəm ki, ölkəmizin bütün ziyalıları kimi, koronavirusa qarşı mübarizənin ön cəbhələlərindən reportajlar hazırlayan, həkimlərdən müsahibələr götürən jurnalistlər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə sahəsindəki ardıcıl, yorulmaz və məqsədyönlü fəaliyyətini, ölkə vətəndaşlarının mənafelərinə həsr edilmiş ümummilli siyasətini ürəkdən dəstəkləyir və müdafiə edirlər. Hesab edirəm ki, çətin və məsuliyyətli pandemiya dövründə respublikamızda xalqın demək olar ki, bütün təbəqələri arasında yaranmış birlik və həmrəylik Prezident İlham Əliyevin ardıcıl dövlət siyasətinin əsasında qazandığı uğurların möhtəşəm yekunudur.

Koronavirusla mübarizənin davam etdirilməsi və başa çatdırılması üçün karantin vaxtının uzadılması da ölkəmizdə bu ağrılı prosesdən minimum itkilərlə çıxmaq üçün vaxtında qəbul edilmiş növbəti düzgün qərardır. Həmçinin artırılmış karantin dövrü həm də postpandemiya mərhələsinə hazırlıq üçün də əlavə imkanlar yaratmağa xidmət edəcəkdir. İnanıram ki, qəlbində Allah xofu, insanlığa məhəbbət, Vətənə sevgi olan möhtərəm Prezidentimizin rəhbərliyi altında koronavirusla mübarizə dövründə olduğu kimi, postpandemiya mərhələsində də taleyüklü, məsuliyyətli vəzifələr uğurla həyata keçiriləcək, xalqımız daha xoşbəxt sabahlara qovuşacaqdır.

Bir jurnalist olaraq öz adımdan, rəhbərlik etdiyim “Doğru Söz” Milli İnformasiya Agentliyinin kollektivi adından və bir vətəndaş kimi, ən nəhayət, təmsil etdiyim seyid nəslinin övladı kimi bu çətin sınaq dövründə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə xalqımızı ümumbəşəri bəlalardan qorumaq yönündə atdığı düşünülmüş addımlarına görə təşəkkür edir və uğurlar arzulayıram.

Seyid İsmayıl Abbasov,

“Doğru Söz” qəzeti və “DoğruSöztv.Az” Milli İnformasiya Agentliyinin baş redaktoru 

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İLKLƏRİ XAÇMAZ HAZIRLIQ KURSLARI İLƏ YAŞAYIN!

Çağdaş Azərbaycan cəmiyyətində gənclərin elmi biliklərin əsaslarına, savada yiyələnmələri, ali məktəblərə hazırlanması işinə repetitorluq institutunun əhəmiyyətli töhfələr verməsi artıq danılmaz gerçəklik kimi etiraf olunur. Fəaliyyəti təqdir olunan repetitor kollektivlərindən biri də Xaçmaz Hazırlıq Kursları Mərkəzidir. Yerli ictimaiyyət nümayəndələri, təlim alan gənclərin valideynləri arasında sorğular aparmışam. Burada verilən təlimin keyfiyyəti, çalışan […]