Qımılqışlaq bələdiyyəsi və könüllüləri “Evdə qal, həyatları xilas et!” təşəbbüsünə fəal dəstək verməkdədirlər.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafını, dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, ədliyyə sahəsində də həyata keçirilən islahatlar həyata keçirilir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə sosial-iqtisadi sahədə uğurlu islahatların aparılması, sahibkarlığın, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı üzrə davamlı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan dünyada ən islahatçı dövlətə çevrilib və bələdiyyələr tərəfindən də bu inkişafa əhəmiyyətli töhfələr verilir.
Ağarəhimoba, Çuxuroba, Hacıisaoba, Qardaşoba, Qımılqışlaq, Maşıoba, Mirzəməmmədqışlaq, Mollabürhanlı və Şıxlar kəndlərini əhatə edən Qımılqışlaq bələdiyyəsinə Ceyhun Mustafayev sədrlik edir. Ceyhun müəllimlə söhbətimizin qayəsini ümumən respublikamızda bələdiyyə fəaliyyətinin vəziyyəti, sosial məsələlərin həllində yerli özünüidarə qurumlarının hökumətə nə dərəcə etibarlı tərəf müqabili kimi çıxış etməsi mövzusu təşkil etdi.
C.Mustafayev söhbətinin əvvəlində bildirdi ki, 2019-cu il yerli özünüidarəetmə orqanlarının formalaşmasının 20 illiyi, eləcə də bələdiyyə seçkilərinin uğurla keçirilməsi ilə yadda qalıb. Həmsöhbətimiz xüsusi vurğuladı ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində davamlı tədbirlər görülüb. Mərkəz bələdiyyələrin maarifləndirmə tədbirlərinin həyata keçirilməsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə, həmçinin yerli özünüidarəetmə sahəsində bələdiyyələrin milli assosiasiyaları, vətəndaş cəmiyyəti institutları, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla, eləcə də xarici dövlətlərin aidiyyəti qurumları ilə səmərəli əməkdaşlıq edib.
C.Mustafayev həmçinin qeyd etdi ki, Qımılqışlaq bələdiyyəsinin üzv və qulluqçuları müəyyən edilmiş vəzifələrin icrası, vətəndaşların müraciətlərinə xüsusi qayğı ilə yanaşılması, etik davranış qaydalarına dönmədən əməl edilməsi, 2020-ci il “Könüllülər ili” çərçivəsində gənc könüllülərin ədliyyə fəaliyyətinə daha geniş təşviq olunması ilə bağlı verilmiş tapşırıqları layiqincə yerinə yetirir.
Öyrəndik ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar “Evdə qal, həyatları xilas et!” çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Xaçmaz rayonunun Qımılqışlaq bələdiyyəsi də yaxından iştirak etməklə dəstək verməkdədir. Qımılqışlaq bələdiyyəsi tərəfindən 65 yaşdan yuxarı insanların siyahısı tərtib edilərək, onlara bələdiyyənin rəsmiləri və bələdiyyə qulluqçularının iştirakıyla ərzaq bağlamaları təqdim edilmişdir. Bununla yanaşı, onların hər birinə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və qeyd edilmişdir ki, evdə qalaraq təkcə öz həyatımızı təhlükədən uzaqlaşdırmış olmuruq, həm də sevdiklərimizi qorumuş oluruq. Sadəcə gündəlik etməli olduğumuz məsələlərə daha diqqətli yanaşaq və məcbur qalmadıqca evdən çıxmayaq. Könüllülük mövzusunda danışarkən, Ceyhun müəllim maraqlı bir məlumat da verdi: “Qımılqışlaq kəndindən olan Aynur Ağabalayeva könüllü şəkildə insanlar üçün tibbi maskaların tikişi ilə məşğul olur. O, ilk vaxtlar yaranan maska çatışmazlığını nəzərə alaraq, üz maskaları tikərək, yerli əhali arasında paylayıb. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dərzi xanıma baş çəkərək, onun təşəbbüsünün hər kəs tərəfindən alqışlandığını diqqətə çatdırıb. İcra başçısı bildirib ki, bu həssas dönəmdə hər kəs vətəndaş mövqeyindən çıxış etməli və çox təhlükəli olan infeksiya ilə mübarizə məqsədilə evdə qalmalı, xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidir. Dərzi Aynur Ağabalayeva da öz növbəsində fəaliyyətinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib, bu addımın onun gələcək xidmətində həvəsləndirici rol oynayacağını söyləyib. Dərzi xanıma icra başçısı tərəfindən pandemiya ilə mübarizədə göstərdiyi könüllülük fəaliyyətinə görə fəxri fərman, hədiyyələr və maska tikilməsində istifadə olunan parça və digər zəruri ləvazimatlar təqdim olunub”.
Tünzalə Abdullayeva