Tərtər şəhər Mahir İmanquliyev adına 4 nömrəli Körpələr Evi – Uşaq Bağçası rayonun ən nümunəvi uşaq müəssisələrindən biridir. Burada 115 uşaqla 14 nəfər pedaqoji işçi məşğul olaraq onların valideynlərinin təlim-tərbiyə qayğılarını bölüşür. Müəssisədə 20 nəfər texniki işçi çalışır.
4 saylı körpələr evi-uşaq bağçasının yeni binası “Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 12 fevral tarixli Sərəncamı əsasında Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə inşa olunub. Bağçanın istifadəyə verilməsi münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib, uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib. Bağça müdirəsi Paşayeva Samirə Arif qızı isə hələ yeni binanın tikintisinə başlananda dövlətimizin başçısına kollektiv adından və valideynlər adından minnətdarlıq məktubu göndərmişdi.
Burada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. İkimərtəbəli binada yataq, oyun, tibb, məşğələ, yemək, geyinib-soyunma, tərbiyəçi-metodist otaqları, musiqi və idman zalları, mətbəx, anbarlar yaradılıb, bağça lazımi inventar və avadanlıqlarla, istilik və müşahidə sistemləri ilə təmin olunub. Bağçanın həyətində abadlıq işləri aparılıb, nasos stansiyası, qazanxana, yanğın əleyhinə və içməli su anbarları, oyun meydançası 2 söhbətgah tikilib.
Qeyd edək ki, son iki ildə “Nərgizim”, Şıxarx qəsəbə uşaq bağçaları üçün yeni binalar inşa edilib, 2 nömrəli, Seydimli, Güləbatlı, Sarıcalı, Yuxarı Sarıcalı kənd uşaq bağçaları əsaslı təmir olunub.
Azərbaycan Beynəlxalq Universitetinin İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə məzunu olan Samirə Paşayeva 2002-ci ildən sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb və çoxillik təcrübəyə malikdir. 4 saylı Körpələr Evi – Uşaq Bağçasına 2015-ci ildən rəhbərlik edir. Qabaqcıl fəaliyyətinə görə 2019-cu il dekabrın 24-də Tərtər RİH-nin fəxri fərmanı ilə təltif olunub. Rəhbər kimi gördüyü işin göz qabağında olan nəticəsi o qədər ürəkaçandır ki, Tərtər şəhərində və rayon mərkəzinə yaxın kəndlərdə bütün valideynlər məktəbəqədər yaşlı övladlarının məhz 4 saylı Körpələr Evi – Uşaq Bağçasına yerləşdirmək istəyirlər. Bu müəssisədən orta məktəbə yollanan uşaqlar bir qayda olaraq fəallıqları, fənləri yaxşı mənimsəmələri ilə seçilirlər. Onlarda – cəmiyyətə sosial uyğunlaşma; birgəfəaliyyət və ünsiyyət mədəniyyəti; müstəqillik, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam, iradi xüsusiyyətlər; müstəqil öyrənmə və sərbəst qərar qəbuletmə meylinin təşəkkülü; ətraf aləmin dərk olunması, təbiətə və insanlara həssas münasibət; bədii-estetik və yaradıcı dünyagörüşü; sağlamlığın qorunması istiqamətində gigiyenik bacarıqlar; özünün və digərlərinin hüquqlarına hörmət hissinin ilkin səviyyədə formalaşması təmin olunur.
Samirə müəllimə bizimlə söhbətinin əvvəlində dövlətimizin rəhbərliyi tərəfindən uşaqlara, onların təhsilinə göstərilən qayğılı münasibətdən danışdı. Bildirdi ki, bu müstəvidə Heydər Əliyev Fondu hökumətimizə etibarlı tərəf müqabili kimi çıxış edir. Həmsöhbətimiz keçən il qəbul edimiş “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın əhəmiyyətini qeyd etdi. Əminliklə qeyd etdi ki, Tərtər şəhər Mahir İmanquliyev adına 4 nömrəli Körpələr Evi – Uşaq Bağçasının kollektiv üzvləri dövlətimizdən gördüyü qayğılı münasibətin qarşılığında bundan sonra da daha şövqlə çalışacaq, gələcəyimiz olan balaca fidanların cəmiyyətə inteqrasiya yolunda ilk addımlarını inamla atmaları üçün əllərindən gələni əsirgəməyəcəklər. Söhbətinin sonunda hazırki hal üçün ən ümdə arzusunu dilə gətirdi: “Koronavirus təhlükəsi Azərbaycan xalqının başı üzərindən sovuşsun, həyat tezliklə öz axarına düşsün”.
Abil Qasımov