Çox da uzaq olmayan keçmişin söhbətidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 oktyabr 2019-cu il tarixdə Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən, onlara böyük etimad göstərdiyini demiş və qarşılarında duran vəzifələri müəyyənləşdirərək proqram xarakterli tövsiyələrini vermişdi:
“Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr – bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox model başçılar kimi fəaliyyət göstərməlisiniz…”
Bütün müşahidə olunanlar göstərir ki, adları çəkilən gənc icra başçıları möhtərəm Prezidentimizin etimadını doğruldurlar. Nəzərə alsaq ki, bütün bəşəriyyəti narahat edən koronavirus bəlasının Azərbaycana da sirayət etdiyi indiki vaxtda rayon-şəhər rəhbərlərinin məsuliyyət yükü daha da artıb, o zaman həqiqətən də onların öz vəzifələrinin öhdəsindən ikiqat-üçqat gəldiklərini desək, bəlkə də yanılmarıq. Bunu konkret olaraq sakini olduğum Xaçmaz rayonuna rəhbərlik edən çox hörmətli cənab Elnur Rzayevun barəsində əminliklə söyləmək olar.
Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarə edilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
1 iyul 2002-ci il tarixdən 1 iyul 2003-cü il tarixədək həqiqi hərbi xidmətdə olub. 14 may 2004-cü il tarixdən 20 oktyabr 2009-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 20 oktyabr 2009-cu il tarixdən 19 avqust 2013-cü il tarixədək Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. 19 avqust 2013-cü il tarixdən 3 dekabr 2015-ci il tarixədək Gəncə Regional “ASAN Xidmət” Mərkəzinin direktoru vəzifəsində çalışıb. 3 dekabr 2015-ci il tarixdən 31 oktyabr 2019-cu il tarixədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
22.06.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənmə” medalı ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var.
“Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır, bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır” – demişdi həmin görüşdə möhtərəm Prezident. Cənab Elnur Rzayevin şəxsində biz gənclik enerjisi ilə təcrübənin vəhdət təşkil etdiyini görürük. İşləmiş olduğu məsul vəzifələrdə topladığı təcrübədən yararlanan Elnur müəllimin yeni vəzifəsində fəaliyyətə başlayan kimi dövlətimizin başçısının tövsiyəsinə uyğun olaraq atdığı ilk addımlardan biri 04.12.2019-cu il tarixində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin nümayəndələri ilə keçirdiyi görüş oldu. Həmin görüşdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan söz açaraq, bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən mühüm tədbirlərdən danışdı. Görüşdə iştirak edən Qarabağ müharibəsi əlilləri çıxış edərək, göstərilən diqqətə görə dövlət Başçısına minnətdarlıqlarını bildirmiş, gələcək həyatlarında Vətənimizin inkişafı naminə fəaliyyət göstərəcəklərini diqqətə çatdırdılar. Cənab Elnur Rzayev bundan sonra da şəhid ailələrinin problemlərini daim diqqət mərkəzində saxlayacağını və irəli sürülən hər bir məsələnin həllində adekvat addımların atılacağını bildirmişdi.
Ertəsi gün – 05 noyabr 2019-cu il tarixdə rayon ağsaqqalları ilə keçirilən görüşün əsas məqsədi rayonun mövcud problemlərini onlardan eşidilməsi və rayonun gələcək inkişafı ilə bağlı təkliflərin dinlənilməsi idi. Rayon ağsaqqallarını ehtiramla salamlayan Elnur Rzayev rayonda görüləcək işlərin əhalinin rahatlığına xidmət edəcəyini və abadlıq-quruculuq işlərinin aparılmasında görüş iştirakçılarının təkliflərinin nəzərə alınacağını bildirmiş, yaxın zamanlarda rayonda sosial-mədəni və iqtisadi sahələrdə görüləcək işlər barədə onlara qısa məlumat vermişdi. Görüş zamanı ağsaqqallar Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması münasibətilə təbrik etmiş, ona bu məsuliyyətli və şərəfli işində uğurlar arzulamış, xeyir-dua vermiş, hər zaman onunla birlikdə olacaqlarını bildirmişdilər. Həmin görüşdə də, sonradan el ağsaqqallarından 90 yaşlı rayon sakini Səməndər Məhərrəmovun təvəllüd günündə yaşadığı evə gedərək ziyarət edərkən də rayon rəhbəri hər kəs tərəfindən yaşlı nəslin nümayəndələrinə hörmət və ehtiram göstərilməli olduğunu qeyd etmiş, bildirmişdir ki, gənclərdə Vətənə məhəbbət hissinin formalaşmasında, onların milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində ağsaqqalların rolu çox böyükdür, məhz buna görə də bizim hər birimiz yaşlı nəslin nümayəndələrinə daim hörmət və ehtiram göstərməli, adət-ənənələrimizi onlardan öyrənərək qoruyub yaşatmalıyıq.
Cəmiyyətin həssas zümrələrinin nümayəndələrinə qayğı və diqqət ənənəsinə sadiq olan İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il öncəsi Azərbaycanın şəhid Milli Qəhrəmanı Şahbazov Yavər Əlibala oğlunun valideynləri ilə görüşdü. Elə həmin ərəfədə Reabilitasiya Mərkəzində daun sindromlu uşaqlarla görüşən rayon rəhbəri Yeni İl münasibətilə təşkil olunmuş tədbirdə iştirak edərək, onların qayğıları ilə maraqlandı. Mərkəzdə reablitasiya alan serebral iflicdən, auitizmdən əziyyət çəkən uşaqlara qayğı göstərilməsinin, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğuladı, uşaqlara bayram hədiyyəsi təqdim etdi.
Yeni təyin olunan icra başçısının mühüm qərarlarından biri də vətəndaş qəbulu günlərini aradan qaldırması oldu. Vətəndaş qəbulu günləri barədə olan qaydanın ləğv edilməsi rayon sakinlərini məmnun etdi. Qeyd edək ki, qəbul günlərinin ləğvindən sonra iş günlərində icra hakimiyyətinə gələn hər vətəndaş icra başçısı ilə istənilən vaxtda görüşə bilər. Yeri gəlmişkən, bundan əvvəl icra başçısının vətəndaş qəbulu həftənin 5-ci günü təşkil edilirdi. Bununla anaşı, RİH başçısı mütəmadi olaraq kəndlərdə vətəndaşlarla səyyar görüşlər də keçirmişdir.
Beləliklə, vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib düzgün təhlil edərək adekvat tədbirlər görmək yolunu seçən cənab Elnur Rzayev başlıca meyarı şəffaflıq, dürüstlük olan çox ciddi fəaliyyətə başladı. Rayon rəhbərliyinin nəzarəti və köməkliyi sayəsində yerli istehsalın artırılması, ərzaq bolluğunun yaradılması istiqamətində ciddi addımlar atılmışdır. Belə ki, ötən dövr ərzində görülmüş işlər nəticəsində rayonda ümumdaxili məhsulun həcmində artım müşahidə olunmuş, kənd təsərrüfatı məhsullarının istehsalında ixrac payı yüksəlmiş, adambaşına düşən məhsul buraxılışının artımı isə əhalinin gəlirlərinin artmasını şərtləndirmişdir. Bundan əlavə, rayonda bir çox sahələr üzrə infrastruktur layihələr də uğurla icra edilib.
Ölkəmizdə hər bir sahədə qazanılan uğur dövlətimizin yüksək potensiala malik olduğunu göstərir. Bu uğurların əldə edilməsində gəncliyin xüsusi rolu vardır. Çünki gənclər cəmiyyətin bütün sferalarında təmsil olunmaqla yanaşı artıq aparıcı qüvvəyə çevriliblər. Xaçmazda da bu müstəvidə əhəmiyətli işlər görülür. Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə qeyd olunan 2 fevral – Gənclər Günündə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev iştirakçılara xatırlatdı ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunan bu bayram, ümummilli liderin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsidir: “İndi Azərbaycanda gənclər siyasəti dövlətin mühüm tərkib hissəsidir. Bu siyasət bir çox dövlətlərə nümunə ola bilər. Prezident İlham Əliyev gənclərlə hər görüşündə, keçirilən forumlarda dəfələrlə bildirib ki, gəncliyə verilən imkanlar dövlətimizin sabahı üçündür”. Xatırladaq ki, həmin tədbirdə gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxış keçirildi, Xaçmaz rayonunun ictimai həyatında fəal iştirakı ilə seçilən 18 gənc Xaçmaz Rayon Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olundular. Fevralın 7-də Xaçmazda ilk Kiçik və Orta Biznes Evi (KOB Evi) istifadəyə verilib. Bununla bağlı müvafiq dövlət qurumlarının, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların və KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılması, xüsusilə kiçik və orta biznesin (KOB) əsas hərəkətverici amilə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindəndir. Xaçmazda KOB Evinin və KOB İnkişaf Mərkəzinin yaradılması KOB-lara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarların xidmətlərə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından əlverişli platformadır. İqtisadiyyat naziri M.Cabbarovun iştirakı ilə keçirilən açılış mərasimində Xaçmaz RİH-nin başçısı Elnur Rzayev KOB Evinin Xaçmazda və ətraf rayonlarda sahibkarların işini asanlaşdıracağı, kiçik və orta biznesin inkişafını, yeni KOB subyektlərinin yaranmasını stimullaşdıracağı, rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasına kömək edəcəyi qənaətində olduğunu bildirmişdir. 03 mart 2020-ci il tarixdə Xaçmaz rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşərkən cənab Elnur Rzayev Xaçmaz rayonunun həm turizm, həm də respublikada ən böyük kənd təsərrüfatı rayonlarından biri olduğunu qeyd edərək bütün ölkədə olduğu kimi rayon ərazisində də sahibkarlığın inkişaf etdirilməsi istiqamətində lazımi şəraitin yaradıldığını bildirmiş, respublikada bununla bağlı həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. Həmçinin Elnur Rzayev qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə sahibkarların fəaliyyətləri ilə bağlı mövcud problemlərini və sahibkarlıq sahəsi ilə əlaqədar təkliflərini dinləmişdir.
Xaçmaz rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Bu istiqamətdə görüləcək tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir. İnfeksiyanın yayılmasının qarşısının qısa müddətdə alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin aparatı, İƏD nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət ümumilikdə 101 qrup yaradılmışdır. Qruplar əhalinin sıx toplaşdığı park və xiyabanlarda, kənd mərkəzlərində, habelə fərdi şəkildə maarifləndirmə tədbirləri həyata keçirilir. Sakinlər ilə aparılan söhbət zamanı bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyələrə mütləq qaydada əməl edilməlidir, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bununla yanaşı, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub. Eyni zamanda, sakinlərə xüsusi karantin rejiminin tələblərinin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirib. Diqqətə çatdırılıb ki, xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara sosial xidmətlərin göstərilməsi rayonda yaradılmış qərargah tərəfindən diqqət mərkəzində saxlanılır.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev video-konfrans vasitəsilə inzibati ərazi dairə nümayəndələri ilə bağlantı quraraq müşavirə keçirib. Müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVİD-19) epidemiyası ilə mübarizəyə dair təlimat və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, İƏD nümayəndəliklərinin və bələdiyyələrin vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib. İcra başçısı hazırda müşahidə olunan həssas dönəmdə ölkə Prezidentinin “daim vətəndaşın yanında olun” tapşırığına uyğun olaraq hər kəsin məsuliyyətli olmağa və tələb olunan qaydalara əməl edilməsində qüsursuz fəaliyyət göstərmələri barədə göstəriş verib.
Gəlin ümid edək ki, bəşəriyyətin, xalqımızın başı üzərindəki koronavirus bəlası tezliklə sovuşub keçəcək, həyat yenə öz axürına düşəcək, cənab Elnur Rzayev və onun başçılıq etdiyi Rayon İcra Hakimiyyətinin aparatı Xaçmazın tərəqqipərvər qüvvələrini səfərbər edib rayonun və ölkənin inkişafına əhəmiyyətli töhfə verə biləcəkdir.
Tünzalə Abdullayeva