Kənd təsərrüfatının inkişafı dövlət başçısı tərəfindən prioritet elan olunub. Həmçinin kənd təsərrüfatının inkişafı ilə əlaqədar strateji yol xəritəsi qəbul edilib. Azərbaycanda əhalinin 38% kənd təsərrüfatında çalışır.
Bu sektorun inkişafı üçün vacib həyati amillərdən biri və birincisi əlbəttə ki, su ehtiyatlarının qorunması, səmərli istifadəsidir.
Xaçmaz rayonu Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Rayonu ərazisində suvarılan torpaqların ümumi sahəsi 50,300 hektara yaxındır. Torpaqlar kanallar, çaylar, qarasular və kiçik bir qisim isə artezian suları ilə suvarılır. Su mənəbələri Samur-Abşeron kanalı, Xan arxı kanalıdır (hər ikisinin mənbəyi Samur çayı).
Xaçmaz Suvarma Sistemləri İdarəsinin rəisi Vaqif Səlimovun səriştəli rəhbərliyi, gündəlik nəzarəti sayəsində hər il olduğu kimi, bu il də Xaçmazda yaz suvarma mövsümü başlanmazdan əvvəl (yanvar-fevral aylarında) ağır texnikanın cəlb edilməsi yolu ilə su kanalları təmizlənib. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır.
Rayonun əkinəyararlı sahələrini suvarmaq üçün 2 min 400 kilometrə qədər uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Əkin sahələrinin vaxtında suvarılmasını düzgün təşkil etmək və su itkisinin qarşısını almaq məqsədilə hər il su kanalları və arxları lil və kol-kosdan təmizlənir. Bu, əsasən torpaq yataqlı arxlara aiddir. Suvarma əsasən Sudan İstifadəçilər Birlikləri ilə bağlanmış müqavilə əsasında aparılır.
Vaqif müəllim deyir ki, vaxtında suvarılmayan əkin sahələri sıradan çıxa bilər. Ən böyük problemlərdən biri də suvarma zamanı itkilərin çox olmasıdır: “Bunun səbəblərindən ən başlıcası həmin təşkilarların suvarma kanallarının əksəriyyətinin torpaq kanallardan ibarət olmasıdır. Daha bir problem də çaylarda sululuğun azalmasıdır. Son 20 ilin göstəriciləri onu deməyə əsas verir ki, çaylarda sululuq səviyyəsində azalma tempi müşahidə olunur. Çayların və yeraltı suların çirklənməsi də suvarma suyunun keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Problemdən biri də torpaq islahatı zamanı torpaqların düzgün paylanmaması, arxların mühafizə zolaqlarının bələdiyyər tərəfindən satılması və qanunsuz zəbtidir. Bundan başqa, respublikada SİB-lər üzrə suvarma suyunun uçotunun dəqiq aparılmadığı, istifadəsində olan təsərrüfatdaxili suvarma kanallarının əsaslı və cari təmirinə vəsait yönəldilmədiyi, qeyri-kommersiya qurumunun xüsusi forması kimi SİB-lərin maddi-texniki bazasının zəif olduğu, suvarma xidmət haqqının yığım mexanizmində problemlərinin mövcudluğu, uçot-hesabat işlərinin düzgün təşkil edilmədiyi və s. müəyyən edilib. Mövcud suvarmaya suyundan istifadədə itkilərin aradam qaldırılması, həmçinin SİB-lərin fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var. Açıq su mənbələrinə vətəndaşlar tərəfindən müdaxilələr olduğu üçün su mənbələrindən uzaq olan torpaqların suvarılmasındə çətinliklər olur. Bu problemin qarşısını almaq üçün isə SİB-lərin nəzarət mexanizmi yoxdur”.
Təcrübəli mütəxəssisin sözlərinə görə, rayon ərazisində, xüsusilə suvarılmayan, yaxud da qismən suvarılan ərazilərdə olan mövcud göllərin bərpası ilə problemi həll etmək olar. Bu göllərin bərpası qış aylarında su ehtiyatının toplanmasına, suvarma dövründə isə suvarma üçün istifadə olunmasında faydalı ola bilər. Həmin göllərdə balıqçılıq təsərrüfatlarının yaradılması da mümkündür”.
İdarə rəisi Xaçmazın su təsərrüfatının gələcəyi ilə bağlı nikbin fikirdədir: “Xaçmaz suvarma suyu ilə təmin olunan rayondur. Hələlik, yeraltı sulardan istifadəyə ehtiyac yoxdur. Yalnız su ilə təminat olsun deyə, kanal çəkmək olmaz. Bu zaman nəzərə almaq lazımdır ki, şoranlaşma olmasın, torpağın keyfiyyətinə zərər vurulmasın. Kompleks tədqiqatlar aparılmalı və buna uyğun işlər görülməlidir”.
Vaqif müəllim bildirdi ki, Xaçmazın suvarma suyu təsərrüfatının işi Raon İcra Hakimiyyətinin başçısı cənab Elnur Rzayevin gündəlik nəzarəti altındadır. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri və digər vəzifəli şəxsləri bütün rayonlarda olduğu kimi, Xaçmaz rayonunda da vaxtaşırı olaraq görüşlər keçirir, sakinləri fərdi qaydada qəbul edir, müraciətlərinə baxırlar. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının beton üzlüyə alınması ilə əlaqədar olsa da, bəzən Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri də əhatə edir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunur, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülür. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Bütün müşahidələr belə deməyə əsas verir ki, görülən işlər nəticəsində Xaçmazda əkinlərin normal suvarma suyu ilə təminatında problem yaşanmayacaq.
Tünzalə Abdullayeva