Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: “Əvvəl-axır işğalçı cavab verəcək”

Oxunma vaxtı:2 Dəqiqə, 9 Saniyə

Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcər rayonunun işğalı və 2016-cı ilin aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb. Unikal.org-un xəbərinə görə, bəyanatda deyilir: “1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və işğal zamanı Ermənistanın ağır artilleriyası, Mi-24 helikopterləri və hərbi təyyarələri istifadə edilib.İşğal nəticəsində 60.000-nə qədər Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından didərgin salınıb, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hal-hazırda sayı 70.000-ni ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.Erməni işğalı Kəlbəcərin qədim və zəngin maddi-mədəni irsini məhv edib, bölgədə yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan monastrların original arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilib. Kəlbəcərin təbii resursları və faydalı qazıntıları qanunsuz istismar olunur. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir”.Bəyanatda qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin 30 aprel tarixində Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. Bu qətnamənin qəbulundan sonra ATƏT-in Minsk Qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün “təcili tədbirlər haqqında vaxt cədvəli” hazırlayıb: “Lakin Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə əməl etmir”.Bəyanatda həmçinin vurğulanır ki, 2016-cı ilin 2 aprel tarixində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi: “Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən bütün qanunsuz fəaliyyətlərə görə məsuliyyəti Ermənistan Respublikası daşıyır və əvvəl-axır işğalçı ölkə bu qanunsuz əməllərinə görə cavab verəcək. Ermənistan tərəfi təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə, habelə Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını tələb edən BMT qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına əməl etməlidir.Davamlı sülhə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Mehriban Əliyevadan aprel döyüşləri ilə bağlı paylaşım - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ordumuzun aprel qələbəsinin 4-cü ildönümü ilə bağlı şəxsi instaqram səhifəsində paylaşım edib. Doğrusöztv.Az xəbər verir ki, paylaşımda deyilir: “Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”