Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Oxunma vaxtı:4 Dəqiqə, 45 Saniyə

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə qərara alıram: 

1. Ətraf mühitin mühafizəsi departamentinin əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti yaradılsın.

2. Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yaradılsın.

3. Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılsın.

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilsin və onun funksiyaları Nazirliyin Aparatı vasitəsilə həyata keçirilsin, habelə həmin Agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki Nazirliyin tabeliyinə verilsin.

5. Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilsin və onun işçilərinin say həddi daxilində Nazirliyin yerli orqanlarının işçilərinin say həddi artırılsın.

6. Dövlət Ekspertiza İdarəsinin əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) yaradılsın.

7. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

7.1. Azərbaycan Respublikasının Prezidentinə:

7.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

7.1.2. Agentliyin yenidən təşkili və ləğv edilməsi;

7.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə:

7.2.1. bu Fərmanın 7.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

8. Müəyyən edilsin ki:

8.1. Agentlik “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq təsərrüfat və digər fəaliyyətlərin dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir;

8.2. Agentliyin nizamnamə fondu Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun vəsaiti, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından Agentliyə verilən aktivlər, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarla bağlı aşağıdakıları təmin edən tədbirlər görsün və nəticəsi barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

9.4.1. Şuşa İriləşdirilmiş Meşəbəyiliyinin, Ağdərə Meşə Təsərrüfatının, Kəlbəcər Meşə Təsərrüfatının, Laçın Meşə Təsərrüfatının və Zəngilan Meşə Təsərrüfatının ləğv edilərək, onların əsasında Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzinin yaradılmasını;

9.4.2. İqlim Dəyişmələri və Ozon Mərkəzinin, İqlim Bazası və Kommunikasiya Mərkəzinin, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi, Mineral Xammal Analitik və Elmi Tədqiqatlar Mərkəzinin, Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi Tətbiqi Mərkəzinin, İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun, Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinin, Geofiziki Ekspedisiyanın, Şərq Geoloji Axtarış Ekspedisiyasının, Qərb Geoloji Axtarış Ekspedisiyasının, Geoloji Planaalma Ekspedisiyasının və Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının, Samux Dövlət Ovçuluq Təsərrüfatının, Zooloji Parkın və Layihələrin İcra Qrupunun ləğv edilməsini;

9.4.3. Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya – Arxiv Fondunun və Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında vahid qurumun yaradılmasını;

9.4.4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, habelə bu Fərmanın 1–3-cü hissələri ilə yaradılan dövlət orqanlarının əsasnamələrinin layihələrini və işçilərinin say həddi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.4.5. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 8.2-ci bəndinə əsasən Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun vəsaitinin müvafiq hissəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındakı müvafiq əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

9.4.6. dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsinin yeni qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

9.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

10.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birlikdə strukturuna daxil olan və bu Fərmana əsasən ləğv edilən dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsün;

10.2. bu Fərmana əsasən ləğv edilən dövlət qurumlarının işçilərinin Nazirliyin tabeliyindəki digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görsün;

10.3. bu Fərmanın 10.1-ci və 10.2-ci bəndlərinin icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

10.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2019-cu il.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının […]