Koronavirus (COVİD-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması barədə Masallı rayon İcra hakimiyyəti başçısının Əmri

Oxunma vaxtı:3 Dəqiqə, 5 Saniyə

Masallı şəhəri və rayonun  digər yaşayış məntəqələrinin ərazilərində xüsusi karantin rejimi dövrü bitənədək koronavirus (COVİD-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması barədə

            Koronavirus infeksiyasının yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş və dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçmişdir. Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə əlaqədar  Cənab Prezident İlham Əliyevin tapşırıqları və Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri cənab Zeynal Nağdəliyev   tərəfindən verilmiş tapşırıqlar ilə bağlı Masallı rayon İcra  hakimiyyətinin xüsusi karantin rejimi dövrü bitənədək Koronavirusun yayılmasının qarşısını almaq  və onunla mübarizə istiqamətində həyata keçirilən  təxirəsalınmaz təmizlik və dezinfeksiya işlərinin yerinə  yetirilməsinin vacibliyini nəzərə alaraq “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndini rəhbər tutaraq

ƏMR  EDİRƏM:

1. Açıq ərazilər, avtomobil yolları, səkilər, körpülər, avtomobil dayanacaqları, şəhər parkları gündə 1 dəfə təmizlənməli, hər iki gündə bir dəfə dezinfeksiya edilməlidir.

2. Yaşayış və qeyri-yaşayış binalarının girəcəkləri, pilləkən qəfəsləri, həyətyanı sahələr, tez-tez toxunulan bütün tutacaqlar, masalar, işıq açarları və sair səthlər hər gün təmizlənməli və həftədə iki dəfə isə dezinfeksiyaedici maddə ilə təmizlənməlidir.

3. Fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərində, apteklərdə ümumi istifadədə olan ərazilər, tez-tez toxunulan bütün tutacaqlar, masalar, işıq açarları və sair səthlər hər gün təmizlənməli və dezinfeksiya edilməlidir.

4. Bütün ödəniş terminalları, bankomatlar hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməlidir.

5. Sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin tutacaqları və oturacaqları, dayanacaqlarının oturacaqları hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməlidir.

6. Məişət tullantılarının yığılması üçün istifadə olunan bütün konteynerlər, ictimai binalarda və ərazilərdə olan tullantı qabları gündə 1 dəfə təmizlənməli və həftədə 2 dəfə isə dezinfeksiya edilməlidir.

7. Epidemiya aşkarlanmış ərazilərdə təmizlik işləri 2-4 saatda bir dəfədən, dezinfeksiya işləri isə həftədə 2 dəfədən az olmayaraq aparılmalıdır.

8. İctimai yerlərdə istifadə olunan bütün əşyalar, qurğular fərqli vasitələrlə təmizlənməli və dezinfeksiya edilməlidir.

9. Bütün təmizlik işləri aşağıdakı qaydada aparılmalıdır:

– təmizlik işləri daha təmiz ərazidən başlanmalı və çirkli əraziyə doğru davam etdirilməlidir,
– təmizlik məqsədilə ümumi təyinatlı maye qələvi yuyucu vasitələrdən istifadə edilməlidir,
– işçilər əlcək və digər qoruyucu vasitələrlə təmin olunmalıdır,
– istifadə olunmuş əlcəklər təmiz yuyulmalı və qurudulmalıdır,
– yararsız hala düşmüş və ya zədələnmiş əlcəklər yeniləri ilə əvəz olunmalıdır,
– təmizlik işləri bitdikdən sonra istifadə olunan avadanlıqlar təmizlənməlidir,
– məişət tullantılarının yığılması üçün istifadə olunan konteynerlər və tullantı qutularına nəzarət edilməli və onların tam dolmaması üçün boşaldılaraq daşınması təmin edilməlidir

10. Təmizlik və dezinfeksiya işlərindən sonra əllər və biləklər su və sabunla 20 saniyədən az olmayan müddətdə yuyulmalıdır.

11. Bu tələblər bütün aidiyyəti qurumlara çatdırılmalı, yaşayış və qeyri-yaşayış binalarının, fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərinin girişlərində vətəndaşların görə biləcəyi yerdən asılmalıdır.

12. RİHB-nın İnzibati ərazi dairlələri üzrə nümayəndəlikləri, bələdiyyələr, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatlar bu əmrdən irəli gələn tələblərin icrasını təmin etsinlər.

a) Masallı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Muxtarov və  Masallı rayon Dezinfeksiya Stansiyasının müdiri İxtiyar Muxtarov verilən tapşırıqları ciddi yerinə yetirilməsini təmin etsinlər.
b) Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Hikmət Xəlilov ərazilərdə məişət tullantılarının vaxtı-vaxtında yığılması və daşınmasını təmin etsin və ciddi nəzarətdə saxlasın.

13. Əmrin icrasına nəzarət, verilən tapşırıqların aidiyyəti üzrə təmin edilməsi və müntəzəm məlumat verilməsi  Masallı rayon İcra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhərrəmov Adəm İmnaverdi oğluna və Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər söbəsinin müdiri Qafarova Aybəniz Oktay qızına tapşırılsın.

14. Əmrin surətinin RİHB-nın İnzibati ərazi dairlələri üzrə nümayəndəlikləri, bələdiyyələr, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatlar ilə tanış edilməsi Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əzizov İlkin Ədalət oğluna tapşırılsın.


 906 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Bu tarixdə 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsi anılır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini […]