Dövlət sahibkarlara, krediti olanlara və aztəminatlılara dəstək göstərəcək – RƏSMİ AÇIQLAMA

Oxunma vaxtı:2 Dəqiqə, 21 Saniyə

Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb.

Unikal.org xəbər verir ki, bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil etməklə ÜDM-in 3,1 faizini təşkil edir: “Müqayisə üçün deyək ki, Gürcüstan hökuməti 1 milyard gürcü larisi dəyərində, yəni ÜDM-in 2 faizi həcmində yardım paketi qəbul edib. Rusiya 300 milyard rubl civarında yardım paketi qəbul edib ki, bu da Rusiya ÜDM-nin 0,3 faizini təşkil edir. Türkiyə Cümhuriyyəti ÜDM-nin 2 faizini təşkil edən 100 milyard TL-lik yardım paketi açıqlayıb. Qırğız Respublikasının ÜDM-in 1 faizi həcmində, başqa sözlə desək 9,4 milyon ABŞ dolları, Özbəkistan isə 1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 1,5 faizi həcmində anti-böhran paketi qəbul edib. İspaniya ÜDM-nin 0,7 faizini təşkil edən 8,9 milyard avroluq paket qəbul edib. Göründüyü kimi, Azərbaycanın dəstək proqramı digər ölkələrlə müqayisədə kifayət qədər samballı və miqyaslıdır”.

O qeyd edib ki, global şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək: “İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyona yaxın muzdlu işçinin 915 min nəfəri onsuz da dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Yerdə qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əmək haqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əmək haqqı səviyyəsidir”.

İİTKM-nın rəhbəri deyir ki, dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr – AZAL, BNA, Metropoliten, dəmir yolu və s. qurumlara da dəstək veriləcək: “Bundan başqa dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək.

Beləliklə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramı həyata keçirilir. Belə sistemli dəstək proqramı son 100 ilin ən miqyaslı pandemiyasının ölkəmizə təsirini minimuma endirəcək və ölkəmizi post-korona dövrünə daha yaxşı hazırlayacaq. Dövlət proqramları vasitəsilə həm tələb, həm də təklif dəstəklənəcək və makroiqtisadi sabitlik qorunacaq. Bu günlərdə xüsusi karantin qaydalarına daha ciddi əməl etməliyik. Çünki iqtisadi itkiləri bərpa edə biləcəyik, amma sağlamlığı və insan həyatını qaytarmaq olmayacaq. Azərbaycan dövləti üçün əsas vətəndaş və onun layiqli həyatıdır.” 

 1,770 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vətəndaşlara maliyyə yardımı hansı əsaslarla veriləcək? - Mikayıl Cabbarovdan AÇIQLAMA

“Biz bu gün 9 proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir”. Dogrusoztv.Az bildirir ki, Unikal.org xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində deyib. Nazir bildirib ki, ən çox zərərçəkmiş, […]