Vətəndaşlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışlarına cavab olaraq daha sıx birləşməli və tələb olunan bütün qoruyucu şərtlərə əməl etməlidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışları ilə bütün ölkənin səfərbər olunmasının, yeni bir vətəndaş həmrəyliyi aurasının yaranmasının şahidi olmaqdayıq. Biz bu istiqamətdə səy, bacarıq və imkanlarımızı daha da gücləndirməkdə davam etməliyik və edəcəyik də. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Auditorlar Palatasının sədri, professor Vahid Novruzov səsləndirib. AZƏRTAC müsahibəni təqdim edir.
“Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Son vaxtlar tüğyan edən koronavirus epidemiyası dünyamızı fəlakət astanasına gətirib çıxarıb. Belə bir fikir getdikcə özünə daha çox tərəfdaş qazanır ki, bu bəlanın Tanrı tərəfindən insanları düzgün yola qayıtmaları üçün, günahsız insanlara edilən zülmlərə və ayrı-ayrı ölkə və millətlərə qarşı özünü dünyada ağalıq etmək iddiasında olanların verdikləri zillət və nahaq qanların axıdılmasına cavab, binəva və biəlac insanların ahu-nalələrinin Uca varlıq tərəfindən eşidilməsi və belə zülmkarlığa Onun qüdrətinin barışmaz mövqeyinin nümayişidir.
Başqa sözlə, geniş mənada pandemiya bir təftiş, qorxu və hədsiz çətinliklər törətsə də, bu qloballaşma şəraitində ibrət dərsi olması baxımından insanların Allah yoluna qayıtmalarının vacibliyini dərk etmək nöqteyi nəzərindən, yaşadıqları planetə, ali kitabların tələblərinə münasibətlərinə yenidən baxmağı, insanlığa və bütövlükdə bəşəriyyətə mərhəmət hisləri bəsləməyi və Uca Tanrının tövsiyə və tələbləri çərçivəsində yaşamağı labüdləşdirir. Yalnız belə olduğu bir halda bəşəriyyət öz başı üstündə Tanrının qoruyucu qalxanını, çətirini bir daha hiss edə, cəsarətli və xoşbəxt yaşaya bilər.
Bu məqamda mən, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin insanlığı yenilənməyə etdiyi çağırışı xatırlamaya bilmərəm. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində Prezident İlham Əliyev deyib: “Müsəlman miqrantlara qarşı baxın, necə münasibət göstərilir. Onları XXI əsrdə itlərlə əzilirlər, qəfəsə salırlar. Sonra isə qəfəsə yemək parçaları atırlar, heyvan kimi. Budurmu münasibət?! İndi də bütün vasitələrdən istifadə edib onları əzmək fikrindədirlər. Bəs o miqrantlar haradan yarandı? Nə üçün onlar yarandı? Nəyə görə öz ölkələrini tərk edirlər? Kim onların ölkələrinə basqın etdi? Kim o ölkələri məhv etdi? Kim sabitliyi pozdu? Kim milyonlarla qaçqının yaranmasına səbəbkar oldu? Ona görə kim bunu edibsə, qoy, onun acısını da çəksin”. Məncə, geniş şərhə ehtiyac qalmır.
-Bəs bizlərdən, adi insanlardan nə tələb olunur?
—İlk növbədə, cəsarətli və qorxmaz olmaq. Məhz bu xüsusiyyətlər insana təhlükəsiz və müdafiə olunma şəraiti aşılayır. Bu günlərdə keçirdiyimiz qorxu hissinin kökündə vərdiş etdiyimiz mühitdən düşdüyümüz yeni və hələ də təbiətini anlaya bilmədiyimiz şəraitdə nə etməli, özümüzü necə aparmağı bilməməyimizdən irəli gəlir.
Əziz həmvətənlər! Biz qorxunu dəf etməyi bacarmalı, Prezidentimizin çağırışlarına cavab olaraq daha sıx birləşməli və tələb olunan bütün qoruyucu şərtlərə əməl etməliyik. Nazirlər Kabineti yanında səmərəli fəaliyyət göstərən Operativ Qərargahın bütün tələbləri nəzərə alınmalıdır.
Biz şeytan kimi hər birimizin qəlbinə girmək və varlığına hakim kəsilmək “bacarığında olan” qorxunun gözünə düz baxmalı, ona qarşı mətanət göstərməliyik. Bunun üçün isə biz bu düşməni yaxşı tanımalıyıq. Mütəxəssislərin qənaətinə görə, biz adətən real, bugünkü həyatımızdan daha çox gələcəyi fikirləşməklə və hansısa bir təhlükənin nə vaxtsa mütləq baş verəcəyini düşünməklə, bəzən də keçmişdə başımıza gələn xoşagəlməz qorxulu hadisələrin reallığında yaşayırıq. Yəni, bizlərin böyük əksəriyyəti gələcək barədə o qədər düşünürük ki, indiki zamanı unuduruq. Başqa sözlə, qorxunun, bütün iztirabların kökündə mövcud olmayan təxəyyül dayanır. Sən real həyata qayıtmağı bacarsan, qorxu hissi həmin an durmadan səni tərk edir. Qorxunu haqlı olaraq mənfi maqnitə bənzədirlər. Onun təsir dairəsindən çıxa bilməyənlərin, qorxu hissini özünə hakim edənlərin böyük əksəriyyəti düşündükləri bəlaya düçar ola bilirlər. Ona görə də hər bir kəs öz mənəvi varlığını dərk etməli və qorxu hislərini özündən uzaqlaşdırmağı bacarmalıdır. Bunun üçün isə biz Uca Varlıqla möhkəm əlaqələrimizə arxalanmalı, öz hərəkətlərimizi düzgün dəyərləndirməli və Onun mərhəmətinə güvənməliyik.
İndiki vəziyyətdə biz ilk növbədə, ruhumuzun fəzilətlərini saxlamalı, ruhdan düşməməli, dövlətçiliyimizin, özümüzün və gənc nəslin gələcəyinə nur prizmasından baxmalıyıq. Qorxu və ruhun fəzilətləri, eyni zamanda, bir yerdə ola bilməz. Biz dərk etməliyik ki, ürəyində Allah sevgisi olan şəxsin ruhuna qorxu hakim kəsilə bilməz və əksinə. Hər birimiz öz hərəkətlərimizdə məsuliyyətli, nöqsanlarımıza qarşı barışmaz olmalıyıq.
Biz düşdüyümüz vəziyyəti düzgün qiymətləndirib, təxirəsalınmaz tədbirlər gördüyümüzə, birliyimizə və bəşərsevər xüsusiyyətimizə görə mütləq qalib olacağıq – Ulu Tanrının səxavəti və ölkə Prezidentimizin düzgün siyasəti və qayğısı sayəsində! Məhz Prezidentimizin və hörmətli Mehriban xanımın çağırışları ilə bütün ölkənin səfərbər olunmasının, yeni bir vətəndaş həmrəyliyi aurasının yaranmasının şahidi olmaqdayıq. Biz bu istiqamətdə səy, bacarıq və imkanlarımızı daha da gücləndirməkdə davam etməliyik və edəcəyik də. Biz öz gücümüzə, öz Prezidentimizin müdrik və təmkinli siyasətinə arxalanmaqla qalib gələcəyik. Biz bu vəziyyətdən düzgün dərs almaqla, növbəti uğurlarımıza da əsas yaradırıq, cəsarətimizi yüksəldirik, saflaşırıq və mənəviyyatca yüksəlirik. Biz Ulu Tanrı yolundan sapanları düz əmələ dəvət edirik, Allahımızı həmişə başımızın üstündə görürük. Məhz ona görə də xalqımız Ulu Tanrının ilğın münasibətini daim hiss etməkdə, insani duyğuları yüksək dəyərləndirməkdədir.
Ulu Öndərimizin yenidən hakimiyyətə qayıtmaqla Azərbaycan dövlətçiliyini qoruması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkə Prezidentimizin və onun ən yaxın silahdaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz səyləri nəticəsində dövlətimizin günü-gündən möhkəmlənməsi Tanrımızın bizə səxavəti deyilmi? Dinindən və irqindən asılı olmayaraq çeşidli ölkələrdə Allah evlərinə göstərilən qayğı, çətin duruma düşən xalqlara yardım, imkansız vətəndaşlara dəstək, koronavirusla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına maddi yardım, qonşu İrana dəstək və ən nəhayət ölkə Prezidentinin özünün bir illik əməkhaqqının bu bəla ilə müdafiə fonduna köçürmək qərarı və sair. Bu xoş əməllər Tanrının gözündən qaça bilərmi? Əsla yox.
Mən fikirlərimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımıza müraciətindən bir cümlə ilə bitirmək istəyirəm: “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri ruh yüksəkliyi və müdriklik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”. Amin!