“DOĞRUSÖZTV.AZ” AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ GENERAL POLKOVNİK VİLAYƏT EYVAZOV HAQQINDA VƏ YA BARƏSİNDƏ DOĞRU SÖZ

Oxunma vaxtı:6 Dəqiqə, 3 Saniyə

“Yarandığı gündən şərəfli yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət edib, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşib, dövlətin əsas dayaqlarından birinə çevrilib. Bu gün Prezident İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur”. – bu sözləri Azərbaycan Respublikası Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov keçən il 2 iyul – polis işçilərinin peşə bayramı günü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətinə ünvanladığı təbrik nidasında demişdir.

O vaxt cənab Vilayət Eyvazov hələ təzəcə nazir vəzifəsinə irəli çəkilmişdi. Onun öz vəzifəsinin öhdəsindən layiqlə gələcəyi heç kəsdə şübhə doğurmurdu. Çünki çox hörmətli Vilayət müəllim bu təyinata qədər daxili işlər nazirinin müavini vəzifəsinədək keçdiyi yolda yüksək peşəkarlığı, qüsursuz xidməti, zabit səriştəsi ilə seçilmişdi.  Belə də oldu. Ötən müddət ərzində Azərbaycan polisinin fəaliyyətində müşahidə olunan uğurlar, aparılan mütərəqqi islahatlar bir daha belə qənaətə gəlməyə əsas verir ki, həmişə olduğu kimi, bu dəfə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbər kadr seçimində müdrik qərar qəbul etmiş, cənab Vilayət Eyvazov isə Ali Baş Komandanımızın etimadını doğrultmuş, dövlətə, dövlətçiliyə sədaqətini təkrar-təkrar isbatlamışdır. Əminlik yaratmışdır ki, milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.

Ölkəmizdə daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla icra olunur, vətəndaşların qanuni mənafeləri etibarlı şəkildə qorunaraq kriminogen durum nəzarətdə saxlanılır. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini təsdiqləyən Azərbaycan Respublikası keçən il əhali sayının 10 milyon insanı keçməklə hər 100 min nəfərinə düşən cinayətlərin azlığına (265) görə keçən ildə MDB və Şərqi Avropa məkanında öncül mövqedə olmuşdur.

Bu sətirlərin müəllifi kimi mən həqiqəti hər şeydən üstün saymışam. Hesab etmişəm ki, adamı İnsanlıq zirvəsinə məhz həqiqət ucaldır. Daşıdığım, məşğulluğumu təmin etdiyim peşə jurnalistikadır. Jurnalist isə həqiqəti yazmalı, doğrunu danışmalıdır. Bundan başqa, rəhbəri olduğum kütləvi informasiya vasitəsinin adı “Doğru Söz”dür. Ən nəhayət, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, seyid nəslinin övladı olduğum üçün cəmiyyətdən rəğbət, hörmət görmüşəm. Bu isə məsuliyyət doğurur. Hörmətin, rəğbətin qarşılığını isə yalanla, həqiqətin təhrif edilməsi ilə vermək olmaz.

Peşə fəaliyyətimlə əlaqədar olaraq istər yaşadığım Ağcabədi rayonunda və onun kəndlərində, istərsə də respublikamızın başqa bölgələrində oluram. Tez-tez əhali arasında, müxtəlif mövzularda söhbətlər aparır, sorğular keçirirəm. O cümlədən, respondentlərimin hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə nə düşündüklərini də soruşuram. Gördüklərim, eşitdiklərim mənim aşağıdakı nəticələri çıxarmağıma əsas verib:

Bu gün Azərbaycan vətəndaşı inanır ki, onun hüquq və azadlıqlarının, təhlükəsizliyinin, sağlamlığının, mülkiyyətinin keşiyində dövlət orqanları dayanır. Dövlət nümayəndəsi olaraq polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ təzahürlərə qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki, hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir.

Vətəndaş buna da əmindir ki, onun müraciəti – şikayət, ərizə və təklif diqqətlə öyrəniləcək, zəruri tədbirlər görüləcəkdir. Təcrübə də göstərir ki, şəffaflıq, insan hüquqlarının qorunması, qanunçuluğun gücləndirilməsi polis-cəmiyyət əlaqələrini daha da möhkəmləndirir. Odur ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılması, onların hüquqlarının qorunması daxili işlər orqanlarının əsas iş prinsiplərindən biridir.

DİN-in bütün strukturlarının üzərinə mühüm vəzifələr qoyulmuşdur. Vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu işində nizam-intizama, qanunçuluğa riayət olunması diqqət mərkəzindədir. Şəxsi heyəti tərəfindən “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”-nə və “Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Təlimatın tələblərinə ciddiliklə əməl olunur. Bütün bunların nəticəsidir ki, xidməti fəaliyyətin göstəriciləri və nəticələri davamlı yaxşılaşır. Bu sahədə sistemli şəkildə təşkilati-əməli iş həyata keçirilməklə müasir və təkmil yeniliklər də tətbiq edilir.

Vətəndaşların müraciətlərinə baxılması zamanı şəxsi həyatın toxunulmazlığına, ailə, peşə, kommersiya və qanunla qorunan digər sirrlərə aid məlumatların müraciət edənin razılığı olmadan yayılmasına yol verilmir. Bütün bunlar təhlükəsizliyə təminat verməklə, icra və uçot-qeydiyyat intizamını da təkmilləşdirmişdir.

Şəxsi heyətin təlim-tərbiyəsi, xidməti və icra intizamının güclənməsi, əməkdaşların anda, davranış qaydalarına, etik normalara riayət etmələri sahəsində əldə olunan uğurların qorunub saxlanması, eləcə də mövcud nöqsan və çatışmamazlıqların aradan qaldırılması diqqət mərkəzindədir. Vətəndaşların qəbulu işinin təşkili və aparılmasında qarşılama, dinləmə, ünsiyyət qurma və izah etmə bacarıqlarına malik əməkdaşların iştirakı məqsədəuyğun hesab edilir.

Yerlərdə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilib. Eləcə də kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulub.

Polis sahə rəislərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına da xüsusi diqqət yetirilir. Polis sahə rəislərinin və inspektorlarının cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində rolu artırılıb, hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üçün onların zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa yiyələnməsi istiqamətində davamlı işlər görülür. İndi polis sahə rəisləri profilaktik fəaliyyətdə böyük əhəmiyyət kəsb edən maarifləndirmə işini İctimai Şuraların üzvləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, təhsil və səhiyyə müəssisələrinin işçiləri, din xadimləri ilə birgə, onların qüvvəsindən, imkanlarından geniş istifadə edilməklə həyata keçirirlər.

Əsrin bəlası sayılan bir çox qorxulu xəstəliklərin baş verməsinə səbəb olan qeyri – sağlam həyat tərzi, narkotik və psixatrop maddələrə alüdəçiliin qarşısını almaq üçün məktəblərdə şagirdlərlə maarifləndirmə tədbirləri aparır. Bu qəbildən olan tədbirlərdə şagirdlərə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə dair ətraflı məlumat verilir, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində görülən işlərdən danışılır.

Sözsüz ki, qanunçuluğun təmini işində qazanılan uğurların arxasında çətin şəraitdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı dayanır. Daxili işlər naziri Vilayət Eyvazov hər bir əməkdaşın vəzifə borcunu layiqincə yerinə yetirməsi, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladır, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tövsiyə edir.

Bu gün beynəlxalq ekspertlər tərəfindən ilk növbədə xüsusi vurğulanır ki, Azərbaycanda ictimai sabitlik dönməz xarakter daşıyır. Konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlət maraqlarının etibarlı qorunması, ölkədəki əlverişli həyat şəraitini təmin edir. Bu, Azərbaycanda adi həyat normasına çevrilmişdir. Böyük qürur və iftixar hissi ilə söyləmək olar ki, günümüzün Azərbaycanı hər bir insanın təhlükəsiz yaşayacağı ölkəyə çevrilib. Çünki aramsız dəyişən təhdidlərdən əziyyət çəkən dünyanın indiki dönəmində Azərbaycan polisi kriminogen durumu fasiləsiz nəzarətdə saxlayır, ictimai asayişi layiqincə qoruyur. Bunun bariz göstəricilərindən biri də odur ki, asayişin etibarlı təmini, cinayətkarlıqla mübarizənin nəticələri baxımından Azərbaycan artıq uzun illərdir ki, nəinki MDB, həmçinin Şərqi Avropa məkanında ən təhlükəsiz və cinayətkarlıqla mübarizədə ən yüksək göstəriciləri olan ölkələrdən biridir. Bütün bu faktlar sübut edir ki, Azərbaycan sosial-iqtisadi inkişafla yanaşı, həm də cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində də bölgədə şəriksiz lider dövlətdir.

Çox hörmətli cənab Vilayət Eyvazov başda olmaqla, Daxili İşləri Nazirliyində və onun bütün struktur vahidlərində çalışan polis əməkdaşlarını qarşıdan gələn Novruz bayramı münasibətilə öz adımdan və redaksiyamızın kollektivi adından təbrik edir, xalqımıza, dövlətimizə, dövlətçiliimizə xidmətlərində uğurlar arzulayıram. İnanıram ki, Azərbacan polisi bundan sonra da öz şərəfli vəzifəsinin öhdəsindən layiqlə gələcək, biz qələm adamlarına da yazmaq üçün gözəl mövzular verəcəklər.

Seyid İsmayıl Abbasov,

“DoğruSözTv.Az” Milli İnformasiya Agentliyinin Təsisçisi və baş Redaktoru  

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

“DOĞRUSÖZTV.AZ” AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ GENERAL POLKOVNİK VİLAYƏT EYVAZOV HAQQINDA VƏ YA BARƏSİNDƏ DOĞRU SÖZ

“Yarandığı gündən şərəfli yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət edib, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşib, dövlətin əsas dayaqlarından birinə çevrilib. Bu gün Prezident İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə […]