Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskinin etimadnaməsini qəbul edib.
Səfir Rafal Poborski fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Rafal Poborski dedi: Cənab Prezident, məni Azərbaycan Respublikasına fövqəladə və səlahiyyətli səfir olaraq akkreditə edən etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim etməkdən şərəf duyuram. Zati-aliləri, ümid edirəm ki, mənim missiyam Azərbaycan və Polşa xalqları arasındakı dostluq münasibətlərini gücləndirəcək.
Rafal Poborski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham ƏLİYEV dedi:
– Xoş gəlmisiniz, cənab səfir, sizi görməyə çox şadam. Azərbaycandakı fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Əminəm ki, sizin görəcəyiniz çox işlər var. Çünki ölkələrimiz arasında münasibətlər inkişaf edir və biz çox güclü siyasi əlaqələr yaratmışıq. Mən məmnunluqla ölkənizə rəsmi səfərimi və Prezident Dudanın Azərbaycana səfərini xatırlayıram. Biz ikitərəfli əməkdaşlığımızla bağlı çoxşaxəli məsələləri müzakirə etmişik. Bu ilin yanvarında biz Davosda görüşümüz zamanı tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqlədik. Bizim üçün Polşa çox vacib tərəfdaş və dost ölkədir. Uzun illər ərzində ölkələrimiz arasında sıx dostluq münasibətləri inkişaf etmişdir. Ötən illər ərzində çoxsaylı təmaslarımız olub. Şadam ki, hazırda biz təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də inkişafı görürük. Bildiyiniz kimi, bizim Mərkəzi Avropa üzrə regional ticarət nümayəndəliyimiz Polşada yerləşir. Bu fakt onu göstərir ki, dünyanın bu regionunda sizin ölkənizi əsas ticarət tərəfdaşımız hesab edirik. Əminəm ki, qarşıdakı illərdə bizim əlaqələrimiz inkişaf edəcək. Prezident Duda ilə birlikdə bu ilin yanvarında gələcək planlarımızı müzakirə etmişik. Mən Sizə uğurlar arzulayıram.
Səfir Rafal POBORSKİ dedi:
– Təşəkkür edirəm, Zati-aliləri. İkitərəfli münasibətlərimiz barədə ətraflı söylədiklərinizdən sonra nəyisə əlavə etmək çətindir. İcazə verin deyim ki, mən dostluq münasibətlərimizi gücləndirmək üçün Prezidentimiz tərəfindən buraya göndərilmişəm. Bilirəm ki, hər iki Zati-alilərinin bir-biri ilə çox yaxşı təmasları var. Siz çox tez-tez görüşürsünüz. Bizim ikitərəfli münasibətlərimizin təməl aspektlərini çox yaxşı vurğulayırsınız. Mən Polşadakı həmkarlarımın köməyi ilə həm ikitərəfli siyasi dialoqumuzun inkişafına töhfə vermək, həm də iqtisadi münasibətləri inkişaf etdirmək üçün əlimdən gələn və mümkün olan hər şeyi etməyə çalışacağam. Hər iki ölkə region üçün çox əhəmiyyətlidir. Biz nəqliyyat qovşaqlarından faydalanmaq üçün çox yaxşı mövqedəyik. Biz çox böyük məmnuniyyətlə Sizin enerji siyasətinizdəki nailiyyətlərin şahidi olmuşuq. Bilirəm ki, bununla bağlı şirkətlərimiz arasında dialoq aparılır. Ümid edirik ki, bu, uğurlu layihələrlə nəticələnəcək, birlikdə hər iki tərəf faydalana biləcək. Əlbəttə, mədəni əlaqələrin və xalqlar arasında təmasların yaradılması sahəsində çox yaxşı perspektivlər mövcuddur. Ümid edirik ki, paytaxtlarımız arasında birbaşa uçuşlar açılacaq. Bu layihənin həyata keçməsi üçün də əlimdən gələni edəcəyəm.
Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.