Təhsil Nazirliyinin rəsmisi rəqs edən müəllimə barədə danışdı: “Burada əcaib…”

Oxunma vaxtı:1 Dəqiqə, 37 Saniyə

Azərbaycanın orta məktəblərinin birində müəllimin sinifdə “Məsti Xumar” mahnısına rəqs etməsi sosial şəbəkə və mediada ciddi müzakirələrə səbəb olub.

Doğrusöztv.Az Milli.Az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov musavat.com-a açıqlamasında bildirib ki, sözügedən müzakirələri dəyərləndirirlər: “Düşünmürük ki, burda nəsə qeyri-adi hadisə baş verib. Sadəcə olaraq, müəllimə özünün fərdi iş vaxtında musiqi sədası altında rəqs edib. Burda qeyri-adi və əcaib bir forma görmürük. Hər bir insanın gündəlik həyatında baş verə biləcək bir andır. Mənə elə gəlir ki, bizim mediada bu hadisəyə aqressiv və tünd rənglərin verilməsi doğru deyil”.

İbtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli isə sözügedən görüntünün ona aid olduğunu unikal.org-a təsdiqləyib. O, bildirib ki, video görüntü qış tətilində hesabat hazırladığım zaman çəkilib: “Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən saat 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım. Yorğunluğumu, stresimi çıxarmaq üçün özümə məxsus noutbukda musiqi dinləməyə başladım. Oynadım və bu görüntünü həmkarlarma göndərdim. Dedim ki, mən bu vəziyyətdəyəm, siz necəsiniz? Heç ağlıma gəlməzdi ki, ziyalı adını daşıyan müəllim həmkarım bu yolla məni rüsvay etmək fikrinə düşər. Bu hadisə nə dərs zamanı, nə iş saatımda baş verməyib. Onu da deyim ki, mən şagirdlərimə musiqi dərsini xüsusi zövqlə keçirəm. Deyərdim ki, dərs verdiyim məktəbimizin ən yaxşı xor qrupu mənim şagirdlərimdən ibarətdir. Yeni il tədbirində hazırladığım rəqs nömrəsi hamını heyran etdi. Nədənsə bunu kimsə paylaşmadı. 20 ildən artıqdır ki, məktəbdə müəllim işləyirəm. Dərs verdiyim şagirdlər bu gün Azərbaycanın ən yaxşı Ali təhsil müəssisələrində oxuyublar”.

Gülsüm Biləndərli bir daha hesab edib ki, sözügedən görüntünü yayan həmkarları onun müəllim adına ləkə salmaq istəyiblər: “Amma bir daha qeyd etmək istəyirəm ki, sözügedən görüntü dərs və iş saatımda baş verməyib. Səhvimdir ki, məktəbdə bu görüntünü çəkmişəm. Hesab edirəm ki, orada məktəb və müəllim adına ləkə gətirəcək nəsə etməmişəm. Hazırda 52 yaşım var. Yaşımın bu çağından sonra da şagirdlərimə ruh yüksəkliyi ilə, təhsil vermək gücündəyəm”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"Neftçi"nin qiyməti açıqlandı - 11 milyon 650 min avro

Azərbaycan Premyer Liqasının ümumi dəyəri müəyyənləşib. Doğrusöztv.Az Milli.Az -a istinadən xəbər verir ki, “Transfermarkt”ın hesablamalarına görə, çempionatımızın ümumi dəyəri 68 milyon 530 min avrodur. Bu göstərici ilə Premyer Liqamız Avropada 33-cü yerdə qərarlaşıb (Siyahıda təkcə güclülər dəstəsi yox, bəzi ölkələrin aşağı liqaları da yer alıb). Azərbaycan çempionatının ən bahalı komandası […]