Dünya dövlətləri irimiqyaslı layihələrdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar – Şəbnəm Həsənova

Oxunma vaxtı:1 Dəqiqə, 51 Saniyə

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji təhlükəsizliyi siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur. Cənub Qaz Dəhlizi layihəsi də bu uğurlu enerji təhlükəsizliyi siyasətinin mühüm tərkib hissəsidir. Bütövlükdə, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsi olmaqla yanaşı, eyni zamanda enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.

Cənub Qaz Dəhlizinin əsas önəmi ondadır ki, o sözün əsl mənasında, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. Bu məqamda xüsusilə vurğulamaq lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı məhz Azərbaycan Respublikası olmuşdur. Hazırda sözügedən layihənin reallaşması istiqamətində son tamamlanma işləri başa çatmaqdadır və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı da elə məhz Azərbaycanda keçirilir. Bu faktın özü də ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən əsas amillərdən biridir. Məşvərət Şurası meqa layihə hesab olunan Cənub Qaz Dəhlizi layihəsinin icrasında tərəfdaş ölkələrin səylərini möhkəmləndirən faydalı və effektiv işçi mexanizminə malikdir.

Bütün bu amilləri sadaladıqdan sonra belə bir sual ortaya çıxır: “Dünyada Azərbaycandan da çox enerji resursları olan dövlətlərin olmasına baxmayaraq niyə məhz Azərbaycan bu qədər nəhəng bir layihənin həyata keçirilməsində uğurludur? Bu uğur düsturunun sirri nədən ibarətdir?” Heç şübhəsiz ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə, habelə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya kimi ölkələrlə dostluq münasibətlərimizin mövcudluğu, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq – bütün bunlar enerji təhlükəsizliyi məsələsinin uğurla həyata keçirilməsinə böyük təkan vermişdir. Bu ölkələr Azərbaycana çox yaxın ölkələrdir, bu yaxınlığı təsdiqləyən amil isə ölkə başçımızın sözügedən ölkələrə səfəri və onların dövlət və hökumət başçıları ilə olan görüşləridir. Bütövlükdə, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra olunması ona cəlb olunan tərəfdaş ölkələrin tək bir məqsəd ətrafında birləşməsidir.

Mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət kursu Azərbaycanı regionda və dünyada etibarlı tərəfdaş kimi tanıdır. Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir. Elə bu səbəbdəndir ki, dünya dövlətləri irimiqyaslı və əhəmiyyətli layihələrdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar.

Şəbnəm Həsənova. Politoloq

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bakıda 5 iranlı koronavirusa görə xəstəxanaya yerləşdirildi

Bakıda koronavirus şübhəsi ilə hotel müştəriləri xəstəxanaya yerləşdirilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Nəsimi rayonunda yerləşən “Holiday İnn Baku” hotelində müştəri olan İran İslam Respublikasının 5 vətəndaşı həkim nəzarətinə götürülüb. TƏBİB-dən bildirilib ki, onlar 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində müşahidə altındadırlar.