Azərbaycanda əsrlər boyu multikultural dəyərlər, millətlərarası və dinlərarası münasibətlər sahəsində möhkəm ənənələr mövcud olub. Dövlətimizin bu istiqamətdə ardıcıl və düzgün milli siyasət yeritməsi təkcə ölkə daxilində deyil, dünya ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İtaliyada Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşü zamanı Papa Fransisk Azərbaycanda dini icmalar arasındakı tolerant münasibətlərə toxunaraq, ölkəmizi əsl tolerantlıq nümunəsi adlandırıb.
Doğrusöztv.Az bildirir ki, bu fikirləri Trend-ə açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətinin bir hissəsi olmaqla bərabər, həm də xalqımızın həyat
tərzinə çevrilib: “Azərbaycanda tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması dövlətimizin başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Ölkəmizdə yaşayan müxtəlif millətlərin və etnik azlıqların bərabərhüquqlu olması, yəni onlara yerli əhali ilə müqayisədə fərq qoyulmaması ölkədə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin əyani sübutudur”.
Ekspert söyləyib ki, Azərbaycanın tolerant ölkə olmasını göstərən amillərdən biri Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işləridir: “Roma Papası da Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd edərək Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub”.
B.Quliyev qeyd edib ki, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, Bakı Humanitar, Bakı Qlobal forumları, Dünya dini liderlərinin sammitləri, 2016-cı ilin respublikamızda “Multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi, Bakının (2009), Naxçıvanın (2018) İslam Mədəniyyətinin paytaxtları seçilməsi, ölkəmizin ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi və digər bu kimi tədbirlər Azərbaycanı sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevirib:
“Hələ 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün
müsbət platforma yaradıb”.