Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ADA Universitetində Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri, bır sıra dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üzrə təlim – seminar keçirilib.
Doğrusöztv.Az bildirir ki, Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın bərpa olunan enerji ilə bağlı hədəflərindən danışan Energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, elektrik enerjisi istehsalının bərpa olunan enerji mənbələri hesabına şaxələndirilməsi və bu sahənin özəl investisiyanın cəlbi ilə inkişafı Azərbaycan Respublikası Prezidentinin energetika sektorunda islahatlar kursunun əsas məqsədlərindən biridir: “2030-cu ilə qədər ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə iri su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrinin payını hazırkı 17%-dən 30%-ə çatdırmaq planlaşdırılır. Bu istiqamətdə ilk uğurlu addım “ACWA Power” və “Masdar” şirkətləri ilə 440 MVt gücündə külək və günəş enerjisi üzrə layihələrin reallaşdırılmasıdır. Bu layihələr ölkədəki mövcud tarifləri əks etdirməklə yanaşı heç bir dövlət subsidiyasını nəzərdə tutmur.”
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev isə bildirib ki, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi bu gün aktual məsələlərdəndir və nazirlik atmosferə atılan karbon emissiyalarının azaldılması ilə bağlı işləri dəstəkləyir: “Bu gün Azərbaycanda bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı 8%-dən bir qədər çoxdur. Bu göstəriciləri daha da artıra, ekoloji və enerji təhlükəsizliyinə töhvə verə bilərik. ETSN bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin tərəfdarıdır və bu mənbələrin ətraf mühitə mənfi təsiri yoxdur.”
Sonra Energetika Nazirliyinin Azərbaycanda bərpa olunan enerji sektorunun inkişaf strategiyasına dair təqdimatı dinlənilib. Energetika Nazirliyinin nümayəndəsi Cahid Mikayıloğlu bərpa olunan enerji potensialı, institusional mühit, dəstək mexanizmləri, hərracların keçirilməsi prosesi və icra müqavilələrinin hazırlanması barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. 440 MVt-lıq pilot layihələrdən sonra hərracların keçirilməsi planlaşdırılır. Bərpa olunan enerji mənbələri zonaları üzrə hərracların keçirilməsi məqsədilə seçilmiş ərazilərdə bərpa olunan enerji mənbələri potensialının ölçülməsi, torpaqların təyinatının müəyyənləşdirilməsi və hərrac üçün uyğunlaşdırılması, ilkin ekoloji və sosial qiymətləndirmənin, geoloji tədqiqatların aparılması, elektrik enerjisi infrastrukturunun qiymətləndirilməsi, elektrik enerjisinin satınalınması, qoşulma müqavilələrinin hazırlanması işləri görülməkdədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva isə təqdimatında iqlim dəyişikliklərinin bərpa olunan enerji sahəsinə təsirlərindən bəhs edib: “Azərbaycanda müasir iqlim dəyişmələrinin son 30 ildə təzahürlərinin müxtəlif iqlim indeksləri üzrə qiymətləndirilməsi məqsədi Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən tövsiyə edilib. Əvvəlki tədqiqatlarda daha çox orta aylıq və orta illik göstəricilər üzərində araşdırmalar aparılırdısa, “ClimPact” modelinin tətbiqi ilə gündəlik meteoroloji göstəricilərdən istifadə etməklə 40 iqlim indeksi üzrə daha dəqiq araşdırmaların aparılması imkanı yarandı. Bu da iqlim dəyişikliklərinin müxtəlif sahələrə, o cümlədən alternativ energetika sahəsinə mümkün təsirlərinin qiymətləndirilməsində, eyni zamanda iqlimin inertliyini nəzərə alaraq yaxın onilliklərə olan dövr üçün gözlənilən tendensiya haqqında daha real təxminlərin verilməsində mühüm rol oynayacaq.”
“ACWA Power” şirkətinin nümayəndəsi Ashish Rajan dünyada külək enerjisindən istifadə üzrə tendensiyalar, külək enerjisi qurğuları, onların iş prinsipləri, külək enerjisindən istifadənin ekoloji aspektləri barədə fikirlərini diqqətə çatdırıb. “Masdar” şirkətinin nümayəndəsi Arsun Rajagopal isə günəş enerjisi texnologiyalarının qlobal tendensiyaları və perspektivləri, günəş enerjisi qurğularının texniki aspektləri, bu enerjidən istifadənin ətraf mühitə təsirindən danışıb.
Tədbirdə “ACWA Power” və “Masdar” şirkətlərinin təqdimatları nümayiş etdirilib. Auditoriyanın sualları cavablandırılıb.