Azərbaycan xalçalarına dünyada çox böyük tələbat var.
Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.
Dövlət başçısı bildirib: “Sizi xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram. Şadam ki, Kürdəmir rayonunda da xalça fabriki açılır. Son vaxtlar bu istiqamətdə çox böyük işlər görülür. Planımızda 32 fabrikin açılışıdır, onlardan 11-i artıq fəaliyyətdədir. Biri də bu gün Kürdəmir rayonunda rəsmən açılır. Mənə verilən məlumata görə, burada qadınlar üçün 100-ə yaxın iş yeri yaradılıb. Bu, çox müsbət haldır. Bir tərəfdən, vətəndaşları iş yerləri ilə təmin edirik, xüsusilə qadınları. Digər tərəfdən, bizim qədim sənətimiz, xalçaçılıq sənəti inkişaf edəcək. Siz də bu sənəti yaşadırsınız və öz təcrübənizi, biliklərinizi gənc nəsil ilə bölüşürsünüz. Beləliklə, həm özünüz üçün yeni imkanlar əldə edirsiniz, eyni zamanda, ölkəmizin gələcək uğurlu inkişafı istiqamətində də mühüm töhfə verirsiniz. Çünki xalçaçılıq həm qədim sənətimizdir, həm də xalça ixracyönümlü məhsuldur. İndi bizim əsas vəzifəmiz qeyri-neft sektorunun ixracının artırılmasıdır.
Azərbaycan xalçalarına dünyada çox böyük tələbat var. Ölkəmizə gələn xarici qonaqlar xalçalarla çox maraqlanırlar. Nəzərə alsaq ki, keçən il ölkəmizə 3 milyon 170 min xarici qonaq gəlib və bu il daha da artacaq, ona görə bizim xalçalarımıza tələbat çoxalacaq. Sizin işiniz daha da çox olacaq. Burada yaxşı əməkhaqqı ilə təmin olunursunuz, iş şəraiti gözəldir. Son dövrdə “Azərxalça”nın xətti ilə açılmış fabriklərdə demək olar ki, işçilərin hamısı razıdır.
Kürdəmir rayonunda son vaxtlar çox böyük dəyişikliklər oldu. Mən bu gün “ASAN xidmət” mərkəzinin açılışında dedim ki, Prezident kimi Kürdəmirə ilk dəfə 2005-ci ildə gəlmişdim. O vaxt işıqla bağlı problem var idi. Yollar demək olar ki, yox idi, qazlaşdırma yox idi, su da yox idi, iş yerləri də yox idi. Ona görə kompleks tədbirlərin görülməsi nəticəsində biz bütün bu məsələləri tədricən həll etdik. İlk növbədə, elektrik enerjisi ilə təminat, ondan sonra Kürdəmirin bütün kəndlərində qaz olmalıdır. Cəmi iki kənd hələ ki, qazlaşdırılmayıb. O da bu il və ya gələn il olacaq. Beləliklə, 100 faiz qazlaşdırma olacaq. Yolların da yarısı, 50 faizi təmirlidir. Qalan 50 faizini isə biz 2023-cü ilə qədər tam təmir edəcəyik. Kürdəmir şəhərində içməli su ilə bağlı problem 2013-cü ildə həll olunmuşdur. Kəndlərdə də modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 40-dan çox yeni qurğu da quraşdırılacaq. İş yerlərinin yaradılması ilə bağlı belə gözəl fabrik açıldı. İndi gedib baxarsınız, “ASAN Həyat” kompleksi, “ASAN xidmət” mərkəzi necə gözəldir. Orada həm 320 növ xidmət göstəriləcək. Eyni zamanda, orada gözəl kafelər, ictimai yerlər, kinoteatr, uşaq əyləncə yerləri fəaliyyət göstərəcək. Yəni, ictimai bir mərkəz kimi formalaşıb. Bu mərkəzin məhz Kürdəmirdə yaradılması rayona xüsusi münasibətin təzahürüdür. Çünki bu mərkəz altı rayona xidmət göstərəcək.
Xalça fabriklərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Çünki siz də qeyd etdiyiniz kimi, biz demək olar ki, bu sənəti bölgələrdə itirirdik. Bölgələrdə ancaq evlərdə köhnədən qalan dəzgahlar var idi. Toxucular fərdi qaydada işləyirdilər. Sifarişlər də demək olar ki, yox idi, xalçanı toxuyub sata bilmirdilər. Siz yaxşı bilirsiniz ki, xalçanı toxumaq üçün ləvazimat, vasitələr, maddi imkan lazımdır.
İndi bunlar olmayanda necə toxusunlar? Sonra toxuyub hara satsınlar? Ona görə bizim xalçaçılıq sənətimiz demək olar ki, yalnız Bakı şəhərində qalmışdı. Ancaq bizim hər bir bölgəmizdə özünəməxsus xalçaçılıq məktəbi var. Ona görə ölkə üzrə 32 fabrikin yaradılmasının məqsədi bu idi ki, bölgələrdə bu sənət yaşasın, qadınlar cəlb olunsun, gözəl şərait yaradılsın, yaxşı pul qazansınlar, vətəndaşlara və dövlətə xeyir gətirsin. Biz buna da nail oluruq. Əminəm ki, burada toxunan bütün xalçalar ən yüksək qiymətə layiq olacaq və siz bu sənəti bu fabriklər vasitəsilə gənclərə ötürəcəksiniz. Mən görürəm, sizin aranızda gənc qızlar da var, onlar da təcrübə toplayacaq, sonra uşaqlar cəlb olunacaq. Beləliklə, qədim xalçaçılıq sənətimiz daim yaşayacaq”.