XİN: Azərbaycan ədalətli və konstruktiv əsasda beynəlxalq tərəfdaşlar ilə əməkdaşlığını davam etdirməyə hazırdır

Oxunma vaxtı:1 Dəqiqə, 30 Saniyə

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) Azərbaycan Respublikası Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərlə bağlı ilkin qənaətləri barədə bəyanatı ilə tanış olduq.

Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. Bəyanatda deyilir: “Azərbaycan hökuməti məmnuniyyətlə qeyd edir ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət olunan bütün beynəlxalq təşkilatlar, o cümlədən BSMM-nin tərkibində birləşən təsisatlar dəvəti qəbul edərək seçkilərdə müşahidə missiyası ilə iştirak ediblər. Azərbaycan tərəfinin dəvətini qəbul edərək seçki prosesində müşahidə missiyaları ilə təmsil olunan və bu dövrdə Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq edən bütün beynəlxalq təşkilatlara öz təşəkkürümüzü bildiririk.

BSMM-in ilkin qənaətlər bəyanatında namizədlərin qeydiyyatı prosesinin əhatəliliyi, seçki prosesinin yaxşı idarə olunması, Mərkəzi Seçki Komissiyasının fəaliyyətində şəffaflıq kimi müsbət məqamların, eləcə də çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistanla münaqişə ilə əlaqədar, Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilərin təşkilinin mümkünsüzlüyünün, məcburi köçkünlərin seçki hüququnun təmin olunması sahəsində əhəmiyyətli addımların atılmasının təsbit olunmasını təqdir edirik.

BSMM-in bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük. Mərkəzi Seçki Komissiyasının sədrinin artıq bəyan etdiyi kimi, iddia olunan və özünü biruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcək.

Habelə qeyd edirik ki, BSMM-in bəyanatında öz əksini tapmış məsələlər, eləcə də 2 ay sonra ATƏT/DTİHB tərəfindən dərc ediləcək yekun hesabat Azərbaycan hakimiyyət qurumları tərəfindən ətraflı şəkildə təhlil ediləcək.

Bir daha bəyan edirik ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir və ölkəmizin demokratik inkişafı yolunda növbəti uğurlu addımdır.

Azərbaycan Respublikası ədalətli və konstruktiv əsasda beynəlxalq tərəfdaşlar, o cümlədən ATƏT/DTİHB ilə əməkdaşlığını davam etdirməyə hazırdır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Məhərrəm Zülfüqarlı: Beynəlxalq müşahidə missiyalarının mütləq əksəriyyəti ölkəmizdə parlament seçkilərinin azad və demokratik keçirildiyini qeyd edib

“Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparıb. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil ediblər”.  Bu fikirləri AVCİYA-nın […]