Azərbaycan Milli Xalça Muzeyi dünyanın aparıcı muzeyləri ilə sıx əməkdaşlıq edir. Ölkəmizin muzey tarixində ilk dəfə olaraq Azərbaycan Milli Xalça Muzeyi Afrika-Ərəb regionuna daxil olan Mərakeş muzeyləri ilə əməkdaşlıq əlaqələri qurub.
Mərakeş Krallığının ölkəmizdəki səfirliyi və bu ölkənin Milli Muzeylər Fondunun dəstəyi ilə Mərakeşdə səfərdə olan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bir sıra görüşlər keçirib, əməkdaşlıq protokolu imzalayıb. Bu barədə muzeydən xəbər verilib.
Mərakeşin Mədəniyyət, Gənclər və İdman naziri Əlhəsən Abyaba ilə görüş zamanı iki ölkə arasında mədəni əməkdaşlıq proqramının, o cümlədən muzey işi və milli mədəni irs sahəsində müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyindən bəhs edib.
Səfər zamanı Mərakeş Milli Muzeylər Fondunda da görüş keçirilib. 2011-ci ildə yaranmış fondun məqsədi ölkədə muzey sahəsinin inkişafı, muzey kadrlarının yetişdirilməsi, dünyada tanınmış muzey sərgilərinin Mərakeşdə nümayiş olunması, Mərakeş incəsənətinin dünyada təbliğidir. Fondun əməkdaşlıq etdiyi muzeylər sırasında Azərbaycan Milli Xalça Muzeyi də var.
Fondun prezidenti Mehdi Qotbi ilə görüşdə birgə layihələr müzakirə olunub və əməkdaşlıq memorandumu imzalanıb. Onu da qeyd edək ki, bu, Azərbaycan və Mərakeş muzeylərinin ilk əməkdaşlıq sazişidir. Mehdi Qotbi bildirib ki, dost Azərbaycanın mədəni irsi və müasir incəsənəti Mərakeşdə böyük maraqla qarşılanacaq. Dünyada xalça sahəsində qabaqcıl muzeylərdən biri olan Azərbaycan Milli Xalça Muzeyi tərəfindən tekstil eksponatlarının qorunması, sərgilənməsi və bərpa təcrübəsinin Mərakeş muzeylərində tanıdılması, Azərbaycan-Mərakeş ənənəvi xalça toxuculuğu üzrə mübadilə proqramları, birgə sərgilərin keçirilməsi məsələləri müzakirə olunub.
Mərakeş Milli Muzeylər Fonduna Azərbaycan Milli Xalça Muzeyində toxunan “Malıbəyli” xalçası və muzey haqqında nəşrlər, “Lətif Kərimov” kitabı hədiyyə edilib.
Səfər zamanı Şirin Məlikova Rabat şəhərində fəaliyyət göstərən Tarix və Sivilizasiyalar Muzeyi, VI Məhəmməd Müasir İncəsənət Muzeyi, Dar Si Said Xalça və Toxuculuq Muzeyi və digər muzeylərlə də tanış olub.